Qəbələdə xalçaçılıq inkişaf etdirilir.
Azərbaycanın şimal-qərbində yerləşən Qəbələdə qədim zamanlardan insanların əsas məşğuliyyət sahələrindən biri də xalçaçılıq olub. Qəbələdə yaşayan toxucular Şirvan xalçaçılığını öz toxuculuq ənənələri ilə zənginləşdiriblər. Bütün bunlar nəzərə alınaraq, filiallarından biri də Qəbələ rayonunda fəaliyyətə başlayıb. Yüksək zövqlə tikilən bina yerləşdiyi əraziyə xüsusi yaraşıq verir. Vahid layihə əsasında inşa olunan filial binasında toxucuların səmərəli fəaliyyəti üçün müasir iş şəraiti yaradılıb. Hal-hazırda filialda 60 nəfərə yaxın toxucu çalışır. Filialda əsasən Şirvan qrupu Azərbaycan xalçalarının toxunmasına üstünlük verilir. Burada indiyədək 570 kvadratmetr xalça toxunub. Kollektiv keyfiyyətli məhsul istehsalına xüsusi fikir verir. Burada ərsəyə gələn xalçalar dünya bazarına çıxarılır. Müəssisədə yun, xovlu xalçalar istehsal olunur. Xalça çeşniləri xalçaçı-rəssamları tərəfindən hazırlanır. Fəaliyyət göstərdiyi dövrdə filialda 170 xalça kəsilib. Emalatxanada toxunan ən böyük xalçanın ölçüsü 24 kvadratmetr olub. Filialda orta nəslin nümayəndələri ilə yanaşı, gənclər də çalışırlar. Burada işləyən gənc toxucuların peşəkarlığının artırılması məqsədilə ardıcıl tədbirlər görülür. Onlar üçün tədris-hazırlıq kursları, ustad dərsləri keçirilir.