Tələbə adını qazanmış məzunlarla görüş keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyəti 2018-2019-cu dərs ilində rayonun tam orta məktəblərini bitirib ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirmişdir. Görüşü giriş sözü ilə rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova açmışdır.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev ali məktəblərə qəbul olunmuş gəncləri təbrik etmiş, onlara təhsildə və gələcək həyatlarında müvəffəqiyyət arzulamışdır. Başçı çıxışında bildirmişdir ki, ölkəmizin sürətli inkişafında yeni zirvələrin fəth edilməsi yüksək intelektli, bacarıqlı kadrlardan asılıdır. Ona görə də ali məktəblərə qəbul olunmuş gənclər biliklərə daha səylə yiyələnməli, öz ixtisaslarının əsil bilicisi olmalıdırlar.
RİH başçısı qeyd etmişdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində respublikamızda, o cümlədən rayonumuzda təhsilin ən müasir səviyyəyə qaldırılması üçün hər cür şərait yaradılmışdır və proses ardıcıl olaraq davam edir.
Rayon təhsil şöbəsinin müdiri Arifə Bayramova çıxış edərək diqqətə çatdırmışdır ki, 2018-2019-cu tədris ilində Qəbələ rayonunda fəaliyyət göstərən 68 ümumtəhsil məktəbini 1137 nəfər şagird bitirmişdir. Onlardan 4 nəfər qızıl medal, 1 nəfər gümüş medalla təltif olunmuşdur. Ali məktəbə qəbul olmaq üçün sənəd verən 902 nəfərdən 485 nəfəri ali məktəbə qəbul olub. 111 nəfər 500-dən yuxarı, onlardan 35 nəfər isə daha yüksək 600-dən yuxarı bal toplamışdır. Bildirilmişdir ki, ən yüksək bal toplayan 675 balla BDU-nun hüquq fakultəsinə daxil olub. Qeyd olunub ki, rayon məktəblərinin məzunları Respublikanın ən nüfuzlu universitetlərinə - BDU-nə, Azərbaycan Tibb Unversitetinə, Azərbaycan Dövlət Neft Akademiyasına, Bakı Ali Neft Məktəbinə, İqtisad Unversitetinə, Azərbaycan Dillər Universitetinə və digər ali təhsil müəssisələri ilə yanaşı Rusiya və Türkiyənin tanınmış universitetlərinə daxil olan məzunlar da var. Görüşdə çıxış edən Rayon Gənclər və idman idarəsinin rəisi Fəxri Soltanov, Tüntül kənd tam orta məktəbinin direktoru Telman Abduxalıqov tələbə adını qazanmış məzunları təbrik etmiş, onlara təhsildə, həyatda uğurlar arzulamışlar.
Bu il ali məktəblərə qəbul olunmuş tələbələr adından qəbul imtahanlarında rayon üzrə ən yüksək bal toplamış, BDU-nun hüquq fakultəsinə qəbul olunmuş, tam orta məktəbi qızıl medalla başa vurmuş Qəbələ şəhər 4 nömrəli tam orta məktəbin məzunu Səfərəliyeva Jalə Müşfiq qızı və Mıxlıqovaq kənd tam orta məktəbini qızıl medalla bitirərək ADİU-nun tələbəsi adını qazanmış İsmayılov Röyal İlqar oğlu çıxış edərək onlara yüksək təhsil almaq üçün hər cür şərait yaradıldığına görə ölkə başçısı cənab İlham Əliyevə, rayon rəhbərliyinə, elm pillələrində yüksəlməyi səbrlə öyrədən müəllimlərinə minnətdarlıqlarını bildirmişlər. Yeni tələbə adını qazanmış gənclərdən bir qrupuna rayon icra hakimiyyətinin və rayon təhsil şöbəsinin fəxri fərmanları təqdim olunmuşdur. Sonda xatirə şəkli çəkdirilmişdir.