Rayonun Tikanlı kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyətinin Başçısı Səbuhi Abdullayev rayonun Tikanlı kəndində görüş-qəbul keçirmişdir. Tədbirdə rayonun hüquq mühafizə orqanlarının, təhsil, səhiyyə, digər xidmət təşkilatlarının rəhbərləri, kənd ictimaiyyətinin nümayəndələri iştirak etmişlər. Rayon icra hakimiyyətinin başçısı görüş-qəbula toplaşanları salamlamış, görüş-qəbulların yerlərdə görülmüş və görüləcək işlərlə daha yaxından tanış olmaq, əhalini narahat edən problemləri daha dərindən öyrənmək üçün yaxşı imkan olduğunu diqqətə çatdırmışdır. RİH başçısı ölkədə və rayonda, o cümlədən hər bir yaşayış məntəqəsində həyata keçirilən abadlıq-quruculuq işləri barədə kənd sakinlərinə məlumat vermişdir. Bildirmişdir ki, Tikanlı kəndi də abadlıq-quruculuq işlərindən kənarda qalmamışdır. Bu il kəndə asfalt yol çəkilmiş, kənddə xeyli abadlıq işləri görülmüşdür. Vaxtilə ulu öndər Heydər Əliyev yolu mədəniyyət, yüksək iqtisadiyyat, bir sözlə firavan həyat kimi qiymətləndirmişdir. Sakinlərdən Qabil Yusifov, Dursun Bayramov, Rövşən Qocayev, Mahir Tağıyev və başqaları çıxış edərək ölkəmizdə və rayonumuzda həyata keçirilən abadlıq-quruculuq işlərinə görə, vaxtilə ucqar sayılan Tikanlı kəndinə abad yolun çəkilməsinə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Onlar eyni zamanda kəndlilərə, məhsul istehsalçılarına göstərilən böyük maddi və mənəvi dəstəyə görə ölkə başçısına minnətdarlıqlarını ifadə etmişlər. Sakinlər kəndə təbii qaz xəttinin çəkilməsinə, Bum-Tikanlı yolundakı çayın üzərinə körpü salınmasına, kənddəki tam orta məktəb binasının əsaslı təmir olunmasına köməklik göstərilməsini xahiş etmişlər. Görüş-qəbul iştirakçılarının qaldırdıqları məsələlərin həlli üçün tədbirlər müəyyənləşdirilmişdir.