Gənclər Fondunun növbəti qrant müsabiqəsinin təqdimat mərasimi keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən yaradılmış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu 2013-cü ilin 27 iyun tarixində növbəti qrant müsabiqəsi elan etmişdir. Bununla əlaqədar olaraq Respublikanın bir sıra şəhər və rayonlarında gənclər üçün müsabiqə şərtləri və müraciət qaydaları barədə təqdimatlar keçirilir. Bu məqsədilə 08 iyul 2013-cü il tarixdə Qəbələ rayon Mədəniyyət Mərkəzinin konfrans zalında Qəbələ və İsmayıllı rayonlarının nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilmişdir.Keçirilən təqdimat mərasimində 50 nəfər aktiv gənc və gənclər təşkilatlarının nümayəndələri iştirak etmişdir. İştirakçılara sorğu anketləri, Fondun təsis etdiyi geyim formaları, bloknot, qələm və yaddaş kartları paylanıldı.Tədbiri giriş sözü ilə açan Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov iştirakçıları salamlayaraq təqdimatın mahiyyəti barədə məlumat verdi. Daha sonra Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun şöbə müdiri Vüqar Seyidbəyov məlumat verərək bildirdi ki, növbəti qrant müsabiqəsi də gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş fəaliyyətlərin stimullaşdırılmasını təmin edərək Azərbaycan gəncliyinin inkişafını daha da intensivləşdirəcəkdir. Fondun elan etdiyi qrant müsabiqəsi gənclərin, gənclər təşkilatlarının elmi-tətbiqi, sosial əhəmiyyətli və idarəetmə sahəsindəki innovativ ideyalarını dəstəkləyəcək, dövlətin və cəmiyyətin inkişafında gənc nəslin təşəbbüskarlığını və iştirakını artıracaqdır. V. Seyidbəyov həmçinin bildirdi ki, gənclər arasında keçirilmiş sorğu vasitəsilə biz gənclərin Fonddan gözləntilərini və onları maraqlandıran sahələri öyrəndik. Sorğunun nəticələrinə əsasən biz növbəti qrant müsabiqəsinin istiqamətlərini, yeni prioritet sahələrini müəyyən etdik. Keçirilmiş sosial sorğunun nəticələrinə görə gənclər və idman sahəsində gənclərin təşəbbüslərinə, əlil gənclərlə bağlı görülən işlərə, xarici ölkələrdə təhsil alan azərbaycanlı tələbələrin ideyalarına və təkliflərinə, region gənclərinin inkişafının təmin edilməsi üçün bölgələrdəki gənclər təşkilatları ilə birbaşa əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət ayrılacaqdır.