Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Bakı Beynəlxalq Humanitar Forumunun 100-dən çox iştirakçısı Qəbələyə səfər etmişdir

07 oktyabr 2012 | 15:00

Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən müxtəlif ölkələrin 100-dən artıq siyasət, elm, təhsil, mədəniyyət və kütləvi informasiya vasitələri nümayəndələri oktyabrın 6-da Qəbələ rayonunda olmuşlar.
Qəbələ Beynəlxalq Hava Limanında qarşılanan qonaqlar əvvəlcə beşulduzlu “Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, eləcə də rayonda yaradılan digər müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə tanış olmuşlar. Onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir. Avtobuslarla gəzintiyə çıxan nümayəndə heyəti rayonda aparılan geniş quruculuq-abadlıq işlərinin, yeni yaradılmış müasir infrastrukturun şahidi olmuşlar.
Qəbələdə “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə tanış olan qonaqlara məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilir.
Sonra qonaqlar Qəbələ konserv zavodunda olmuşlar. Müəssisə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıq quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Meyvə-tərəvəz məhsullarının çeşidlənməsi və saxlanılması üçün tikilmiş 5 min tonluq soyuducu anbar kompleksi ilə də tanışlıq olmuşdur.
Qonaqlar Qəbələ limonad zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışlar. Məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul -“Kola”, “Tərxun”, “Düşes”, “Limon”, “Üzüm” limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Xarici ölkə nümayəndələrinin ən çox diqqətini cəlb edən isə rayon tarix-diyarşünaslıq muzeyindəki qədim eksponatlar olmuşdur. Muzeylə tanışlıq zamanı qonaqlara məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur.
Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonaqların diqqətini 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri cəlb etmişdir.
Sonda Nohur gölünün yanındakı “Sahil” İstirahət Mərkəzinə toplaşan qonaqlar gözəl təbiət qoynunda mənalı istirahət etmişlər. Onlar Qəbələnin ecazkar gözəlliyə malik olduğunu qeyd etmiş, Azərbaycandan xoş təəssüratlarla ayrılacaqlarını vurğulamışlar.

Keçidlər