Rayonun Savalan kəndində səyyar qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Savalan kəndində sakinlərlə səyyar görüş-qəbulu keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti xidmət təşkilatları rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri görüşü giriş sözü ilə açan RİH-nin başçısı Prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində rayonumuzda sosial-iqtisadi sahədə görülən işlər barədə kənd sakinlərinə məlumat verib. Bildirilib ki, Qəbələdə çoxsaylı sosial, istehsal, emal, infrastruktur obyektlərinin tikilərək istifadəyə verilməsi, yeni yolların çəkilməsi rayonumuzun hərtərəfli inkişafı üçün möhkəm əsas yaradır. Rayon icra hakimiyyətinin başçısı son illər digər yaşayış məntəqələri kimi Savalan kəndində də aparılan quruculuq işlərindən danışıb, ərazidəki həlli vacib problemlərə toxunaraq onların həlli yolları barədə öz mülahizələrini sakinlərlə bölüşüb. Tədbirdə kənd sakinlərindən Vahid Əhmədov, İsmayıl Babazadə, Reyhan Umarova, Elşən Nəcəfov, Könül Əhmədova və başqaları çıxış edərək ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında kənddə yeni artezian quyusunun qazılmasını, suvarma kanalının təmir olunmasını, elektrik təsərrüfatının yenilənməsini, yaşayış məntəqəsinin mərkəzindən keçən yolun asfaltlaşdırılmasını xahiş ediblər. RİH-nin başçısı qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti idarə və müəssisə rəhbərlərinə zəruri tapşırıqlarını verib.