“Oyun Karvanı” Qəbələdə
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Türkiyə Uşaq Oyunları və İdman Klubları Federasiyası, Azərbaycan Məktəb İdmanları Federasiyası, Azərbaycan İdman Könüllüləri və Mehriban Dost layihəsinin təşkilati dəstəyi ilə “Oyun Karvanı Azərbaycanda” layihəsinə start verilib. Ölkəmizin 7 rayonunu əhatə edən “Oyun Karvanı Azərbaycanda” layihəsi çərçivəsində 20 oktyabr 2019-cu il tarixdə Qəbələ Olimpiya Kompleksində keçirilən zona mərhələsində 200-dək uşaq qatılmışdır. Tədbirdə Qəbələ, İsmayıllı, Şamaxı, Kürdəmir, Göyçay və Ağdaş rayonlarından olan 8-12 yaş arası uşaqlar iştirak etmişdir. Qəbələ rayon Gənclər və İdman idarəsinin rəisi Fəxri Soltanov tədbirin açılışında çıxış edərək bildirib ki, layihənin məqsədi uşaqları sevindirmək, qardaş ölkələrimiz arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə vermə və uşaqları müxtəlif əyləncəli idman oyunları ilə həvəsləndirərək idmanın kütləviliyinə nail olmaqdır. Qəbələ Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov bildirib ki, bu layihə Azərbaycanın və Türkiyənin uşaqları, yeniyetmələri arasında dostluğu, qardaşlığı möhkəmləndirəcəkdir. Hər insan həyatında bu oyunları oynayaraq böyüyür. Düşünürəm ki, gələcək illərdə daha geniş şəkildə fəaliyyət göstərəcəyik. Bu, Türkiyə-Azərbaycan dostluğunun daha da inkişafına zəmin yaradacaq”. Sonra meydan uşaqların ixtiyarına verildi. Şən və əyləncəli musiqi sədaları altında uşaqlar müxtəlif maraqlı əyləncəli oyunlara qatılaraq bacarıqlarını nümayiş etdirmişlər. Uşaqlara müxtəlif həddiyyələr təqdim edilmişdir.