“Xəmsə” intellektual oyunu üzrə Qəbələ rayon birinciliyində 16 komanda mübarizə aparıb.
“Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının oktyabrın 30-da Qəbələdə keçirilən rayon seçim mərhələsində 16 komandanın tərkibində 80 məktəbli öz intellektual biliyini nümayiş etdirib. Qəbələ şəhər 1 saylı tam orta məktəbdə təşkil edilən yarışın açılışında rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov çıxış edərək, 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan çempionatın Azərbaycanın zəngin milli mədəniyyətini və tarixini təbliğ etmək, yeniyetmə və gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdırmaq, eləcə də onların asudə vaxtlarının mənalı və səmərəli təşkilinə kömək məqsədi daşıdığını diqqətə çatdırıb. Yekun nəticələrə əsasən, Vəndam qəsəbə 1 saylı tam orta məktəbin komandası birinciliyin qalibi adını qazanıb. Nohurqışlaq və Yenikənd kənd tam orta məktəblərin komandaları müvafiq olaraq ikinci və üçüncü yerləri tutublar. Hər üç komanda “Xəmsə” Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında VII Azərbaycan Çempionatının zona mərhələsinə vəsiqə qazanıb.Qalib komandalara rayon Gənclər və İdman İdarəsinin diplom və xatirə hədiyyələri təqdim edilib.