Qəbələdə keçirilən “İdman festivalı”nda yüzlərlə gənc iştirak edib.
Qəbələ Olimpiya İdman Kompleksində “Açıq qapı günü” və “İradənlə qalib gəl!” şüarı altında keçirilən kütləvi idman tədbirində yüzlərlə yeniyetmə və gənc idmanın müxtəlif növləri üzrə bacarıqlarını nümayiş etdiriblər. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən və 9 noyabr – Dövlət Bayrağı Gününə həsr olunan kütləvi idman tədbiri yeniyetmə və gənclərin idmana marağını artırmaq, onları sağlam həyat naminə sadə idman hərəkətləri etməyə alışdırmaq, Olimpiya İdman komplekslərini, idman meydançaları və qurğularını hamı üçün əlçatan etmək məqsədi daşıyıb. “İdman festivalı”nın açılışında çıxış edən Qəbələ rayon Gənclər və İdman İdarəsinin rəisi Fəxri Soltanov bildirib ki, yeni nəsil öz sağlamlıqlarına daha çox diqqət göstərir. Onlar asudə vaxtlarını bədən tərbiyəsi, fitnes, yoqa, rəqslərin öyrənilməsinə sərf etməkdə maraqlıdırlar. Gənclər fiziki sağlamlığı “məsuliyyətli vətəndaşlıq – uğurlu dövlət” birliyinin vacib hissəsi kimi dəyərləndirirlər. Tədbirdə Olimpiya İdman Kompleksinin direktoru Mətləb Kərimov, Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Ədalət Əliyev, veteran idmançı Eyvaz Kazımov çıxış edərək, respublikamızda idman sahəsinə və idmançılara göstərilən dövlət qayğısından danışıb, hər cür şəraiti olan yeni idman qurğularının gənc nəslin istifadəsinə verildiyini bildiriblər. Şən musiqi sədaları altında davam edən festivalda idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar olub, təcrübəli məşqçilər ustad dərsləri keçiblər. Sonra festival iştirakçıları Olimpiya İdman Kompleksində yaradılan şəraitlə yaxından tanış olublar.