Rayonun Cığatelli kəndində səyyar qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Cığatelli kəndində səyyar görüş-qəbulu keçirilib.Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, müvafiq idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.Tədbiri açan RİH-nin başçısı Prezident İlham Əliyev tərəfindən aparılan sosialyönümlü islahatlar, ölkəmizdə əldə edilən iqtisadi uğurlar nəticəsində əhalinin sosial müdafiəsinin və həyat səviyyəsinin gündən-günə yaxşılaşdığını diqqətə çatdırıb.Vətəndaşların maddi, mənəvi tələbatlarının öyrənilməsi və həlli istiqamətində aparılan işlərin bu gün dövlətin prioritetlərindən olduğunu vurğulayan RİH-nin başçısı ölkədə həyata keçirilən siyasətin mərkəzində məhz insan amilinin dayandığını bildirib.Əhalinin sosial rifahının yaxşılaşdırılmasına dair dövlətimizin başçısı tərəfindən imzalanan fərman və sərəncamların hamısının vətəndaş məmnunluğunun artırılmasına yönəldildiyini deyən natiq əməkhaqlarının, pensiyaların, tələbələrin təqaüdlərinin artırılması və digər ödənişlərin həyata keçirilməsi istiqamətində aparılan islahatların sosialyönümlülük və humanizm prinsiplərinə əsaslandığını bildirib.RİH-nin başçısı qəbul olunan dövlət proqramlarının icrası nəticəsində bütün regionlarda, o cümlədən Qəbələ rayonunda həyata keçirilən abadlıq-quruculuq işləri barədə görüş iştirakçılarına ətraflı məlumat verib.Sonra kənd sakinləri dinlənilib.Onlar rayonumuzda son illər aparılan tikinti-quruculuq və abadlıq işlərinə, yaradılan yeni iş yerlərinə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.Sakinlərdən Sabir Şərifov, Firudin Nəbiyev, Lalə Baxışova, Sədiyar Abulov, Sədi Nəbiyev, Fərhad Mustafayev, Mirbala Məmmədov və başqaları Həmzəli-Cığatelli yolunun asfaltlaşdırılmasını, kəndə qaz xəttinin çəkilməsini, yeni yaşayış massivində artezian quyusunun qazılmasını, yaşayış məntəqəsinin sel sularından mühafizəsini gücləndirmək məqsədilə Həmzəli çayının sahilində beton bəndin inşa edilməsini və ərazidə işıq xətlərinin dəyişdirilməsini xahiş ediblər.Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin və verilən təkliflərin icrası ilə əlaqədar aidiyyəti idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verib.