Tur-aksiyada iştirak edəcək məktəblilərlə görüş keçirilmişdir.
Noyabrın 12-də Heydər Əliyev Mərkəzində Qəbələ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində iştirak edəcək məktəblilər və onları müşayiət edəcək şəxslərlə görüş keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nünayəndələri, müəllimlər, məktəblilər və onların valideynləri, KİV nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısının müavini Ətayə Osmanova tur-aksiya iştirakçılarını salamlamış və artıq altıncı ildir Azərbaycanın ümumtəhsil məktəblərinin 9-11-ci sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları təşkil olunduğunu bildirib.
Dövlətimizin başçısı cənab İlham Əliyevin tövsiyəsinə əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyaların ənənə halını aldığını qeyd edən Ətayə Osmanova layihənin əsas məqsədinin şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaq olduğunu vurğulayıb.
Noyabrın 13-dən 16-dək ölkəmizin cənub bölgəsinə, Lənkəran-Masallı-Astara rayonlarına təşkil olunacaq tur-aksiyada respublika fənn olimpiadalarının qalibləri, fəal idmançılardan ibarət 40 nəfər məktəblinin iştirakı nəzərdə tutulub.
Tədbirdə çıxış edən Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin müəllimi Ruslan İsmayılov, şəhər 5 nömrəli tam orta məktəbinin şagirdi Selcan Rəfizadə və başqaları “Ölkəmizi tanıyaq” tur-aksiyasına görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.
Sonda tur-aksiya iştirakçıları üçün Heydər Əliyev Mərkəzinin ekspozisiya zalına ekskursiya təşkil olunub.