“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən tur-aksiyanın 9 rayondan olan iştirakçıları Qəbələ ilə tanışlığa başlayıblar.
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya çıxan 9 rayonun məktəblilərindən ibarət qruplar səfərin birinci günü – noyabrın 13-də günorta saatlarında Qəbələ şəhərinə gəliblər. Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron rayonlarının məktəbliləri “Karvansaray” otelinin qarşısında rayon rəhbərliyi tərəfindən mehribanlıqla qarşılanıblar. Rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova məktəblilərə qədim Qəbələnin tarixi, mədəniyyəti, iqtisadiyyatı və turizm potensialı barədə məlumat verib. Nahardan sonra məktəblilər əvvəlcə Qəbələ şəhərindəki Zərifə Əliyeva prospektinin ərazisində ağacəkmə aksiyasında iştirak ediblər. Tur-aksiya iştirakçılarının Qəbələnin görməli yerləri ilə ilk tanışlığı Yengicə kəndindəki zooparka ekskursiya ilə başlayıb. Sonra məktəblilər rayonun məşhur istirahət məkanlarından olan Nohur gölünə səyahət ediblər. Tur-aksiya iştirakçıları ekskursiyanın növbəti günlərində Qəbələnin tarixi məkanları, görməli yerləri, turizm obyektləri və istehsal müəssisələri ilə tanış olacaqlar.