Qəbələ məktəbliləri cənub bölgəsinə ekskursiyaya Lənkərandan başlayıb.
“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyanın növbəti mərhələsi çərçivəsində Qəbələ və digər səkkiz rayondan olan IX-XI sinif şagirdləri və onların müəllimləri noyabrın 13-də axşam saatlarında Lənkərana gəliblər. Tur-aksiyanın iştirakçılarını Lənkəran Şəhər İcra Hakimiyyətinin məsul işçiləri, müəllimlər və ictimaiyyətin nümayəndələri qarşılayıblar. Lənkərandakı Heydər Əliyev Parkında məktəblilərin qarşılanması mərasimində çıxış edən şəhər icra hakimiyyəti başçısının birinci müavini Möhübbət Babayev “Ölkəmizi tanıyaq” layihəsi çərçivəsində təşkil olunmuş tur-aksiyaların əhəmiyyətindən danışıb, cənub bölgəsinə səyahət edən məktəblilərə ən xoş arzularını çatdırıb. Sonra humanitar aksiyanın iştirakçıları Lənkərandakı “Şah”, “Lux” hotellərində, “Palıdlı sahil” və “Palmalife” istirahət mərkəzlərinə yerləşiblər. Şam yeməyindən sonra məktəblilər müxtəlif əyləncəli proqramlarda iştirak ediblər.