Doqquz rayondan olan 360 məktəbli Qəbələ rayonundan zəngin təəssüratlarla ayrılıblar.
Prezident İlham Əliyevin tövsiyəsinə əsasən, “Ölkəmizi tanıyaq” devizi altında keçirilən maarifləndirici tur-aksiyaların bu ilin payızında startı verilən birinci mərhələsi uğurla başa çatıb. Layihə çərçivəsində noyabrın 13-də Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə ekskursiyaya başlayan Lerik, Astara, Lənkəran, Yardımlı, Masallı, Cəlilabad, Biləsuvar, Xızı və Abşeron məktəblilərindən ibarət qruplar noyabrın 16-da ekskursiyalarını başa vuraraq Qəbələ şəhərindən yaşadıqları rayonlara yola düşüblər. Qəbələ şəhərindəki “Karvansaray” və “Qafqaz Sport” otellərində qalan 360 məktəbli və onları müşayiət edən şəxslər ekskursiya müddətində Qəbələ, Şəki və Zaqatala rayonlarındakı görməli yerlərlə, muzeylərlə, tarixi məkanlarla yaxından tanış olublar. Ölkə iqtisadiyyatında önəmli rola malik bölgələrimizdən biri olan Qəbələ-Şəki-Zaqatala zonası inkişaf etmiş turizm iqtisadiyyatı, multikulturalizm ənənələri, eyni zamanda, tarixi məkanları ilə tanınır. Qəbələdəki Heydər Əliyev Konqres Mərkəzinə, “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksinə, konserv zavoduna, Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna, Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə ekskursiyalar məktəblilərin böyük marağına səbəb olub. Şagirdlər, həmçinin ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış olub, onlarda Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə əyani təsəvvür yaranıb. Noyabrın 15-də axşam tur-aksiya iştirakçıları “Nə? Harada? Nə vaxt?” intellektual oyununda növbəti dəfə bilik və bacarıqlarını nümayiş etdiriblər. Yarışın yekun nəticələrinə əsasən, Lerik məktəbliləri intellektual oyunun qalibi adını qazanıblar. İkinci və üçüncü yerləri isə Biləsuvar məktəblilərindən təşkil olunmuş komandalar tutublar. Qaliblər kubok, medal və sertifikatlarla mükafatlandırılıblar. Doqquz rayonun məktəbliləri respublikamızın şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıblar.