Rayonun İmamlı kəndində səyyar qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin daha bir səyyar görüş-qəbulu İmamlı kəndində keçirilib. Görüş-qəbulda rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri və ağsaqqallar iştirak edib. Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı rayonumuzun bütün yaşayış məntəqələrində, eləcə də İmamlı kəndində həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Səbuhi Abdullayev aqrar sahəyə göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının əhalinin rifahının yüksəlməsində mühüm rol oynadığını, daha təminatlı etdiyini, bu baxımdan İmamlıda da müəyyən işlərin görüldüyünü qeyd edib. Sonra kənd sakinləri dinlənilib. Görüş iştirakçıları həyata keçirilən sosial layihələrin uğurlu nəticələrinə görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Sakinlərdən Zabit İbrahimov, Səhrab Hacıyev, Cavanşir Məhərrəmov, Sara Məmmədhüseynova, Səfa Hacıyev, Samit İbrahimov və başqaları çıxışlarında Mirzəbəyli–İmamlı yolunun asfaltlaşdırılmasını, yeni artezian quyusunun qazılmasını, əraziyə qaz xəttinin çəkilməsini, kənddə əlavə transformatorun quraşdırılmasını, yaşayış məntəqəsinə gələn işıq xətlərinin təmir edilməsini və çayın sahilində beton mühafizə bəndinin tikilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı verilən təkliflərdən icrası yerli təşkilatlarının səlahiyyətində olan məsələlərin həlli barədə həmin təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib. O, qaz xətti və asfalt yol çəkilişinin dövlət proqramına uyğun olaraq aparıldığını qeyd edib. Ölkə başçısının tapşırığına əsasən yaxın illərə qədər rayonda qazlaşdırılmayan yaşayış məntəqəsinin qalmayacağını və yolların asfaltlaşdırılması işlərinin mərhələlərlə başa çatdırılacağını görüş iştirakçılarının diqqətinə çatdırıb.