Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ ilə tanışlıq məktəblilərin ürəyincə olub.

21 noyabr 2019 | 11:00

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində respublikamızın şimal-qərb bölgəsinə səyahətə çıxan Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Samux, Neftçala, Salyan və Hacıqabul rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günü – noyabrın 20-də Qəbələ rayonunun tarixi məkanları, müasir istehsal müəssisələri, turizm və istirahət mərkəzləri ilə tanış olublar.
Tur-aksiya iştirakçıları əvvəlcə Heydər Əliyev Mərkəzində olub, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən fotoşəkillərə baxıblar.
Qəbələ konserv zavodunda olan məktəblilərə məlumat verilib ki, burada fəaliyyət göstərən emal müəssisələrində yarımfabrikat dondurulmuş kartof və kartof çipsi, həmçinin sərinləşdirici içkilər istehsal olunur. Məktəblilərin diqqətinə çatdırılıb ki, Azərbaycanın iqtisadiyyatında qeyri-neft sektorunun böyük payı var. İndi ölkədə qeyri-neft sənayesinin inkişafına xüsusi diqqət yetirilir. Bu inkişafın konturları Strateji Yol xəritələrində əksini tapıb. Bu baxımdan Qəbələ rayonu da ölkə iqtisadiyyatında mühüm yerlərdən birini tutur.
Sonra məktəblilər “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi ilə tanış olublar. Məlumat verilib ki, bölgənin ən çox turist qəbul edən bu obyektində hazırda 4 kanat xətti və 10 xizək yolu fəaliyyət göstərir. Kompleksdə turistlərin istirahətinin mənalı təşkili üçün hər cür şəraiti olan restoranlar və beşulduzlu “Tufandağ” oteli tikilib, dağ-xizək trası süni qaryağdıran generasiya sistemi ilə təchiz edilib. Gün ərzində kompleks 3 min nəfərə xidmət göstərə bilir.
Məktəblilərin diqqətinə çatdırılıb ki, Qəbələ rayonu da bölgənin digər rayonları kimi, inkişaf etmiş turizm iqtisadiyyatı ilə tanınır. Bölgələrdə müasir turizm komplekslərinin istifadəyə verilməsi Azərbaycanın iqtisadi potensialını nümayiş etdirməklə yanaşı, ölkəyə gələn turistlərin sayının artmasına da böyük təkan verir. “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi regionun turizm imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır. Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə tikilməkdə olan Ləki-Qəbələ dəmir yolu turizm infrastrukturunun yaxşılaşdırılmasına və turizm obyektlərinə rahat gediş-gəlişin təmin edilməsinə öz töhfəsini verəcək.
“Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi son illər ölkəmiz üçün yeni idman növü olan xizəkçiliyin gənclər arasında yayılmasına səbəb olub. Kompleksin xizəkçilik mərkəzi həm turizmin inkişafı, həm də yeni dağ idman növlərinin geniş yayılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Məktəblilər kanat yolu ilə uca dağların zirvəsinə qalxaraq oradan Qəbələ şəhərinin mənzərəsini seyr edib, xatirə şəkli çəkdiriblər.
Heydər Əliyev Konqres Mərkəzi ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, binanın birinci mərtəbəsində zallar, 350 yerlik restoran və inzibati otaqlar, ikinci mərtəbəsində isə 1200 yerlik çoxfunksiyalı konfrans zalı yerləşir. Bu zal kresloların aşağı enməsi ilə müstəvi halına keçə bilir. Ənənəvi olaraq hər il reallaşan Qəbələ Beynəlxalq Musiqi Festivalının konsertlərinin əksəriyyəti məhz bu Mərkəzdə keçirilir.
“Qəbələnd” İstirahət və Əyləncə Mərkəzinə ekskursiya da məktəblilərin ürəyincə olub.
Tur-aksiya iştirakçıları günün ikinci yarısında Nic qəsəbəsindəki “Cotari” alban-udi kilsəsinə gəliblər. Bildirilib ki, kilsə qədim abidələrdən biridir. Tolerantlığın kiçik modeli hesab edilən Nic qəsəbəsində üç kilsə və iki məscid var. Altı min əhalisi olan qəsəbədə dörd mindən çox udi yaşayır. Onlar öz dilini, dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub saxlayırlar.
Məktəblilər Çuxur Qəbələ Tarix və Mədəniyyət Qoruğuna da gedib, qədim Qəbələ şəhərinin xarabalıqları və ərazidə aparılan arxeoloji qazıntıların nəticələri, eləcə də Qəbələ Arxeoloji Mərkəzində nümayiş olunan maddi-mədəniyyət nümunələri ilə tanış olublar. Məlumat verilib ki, Azərbaycanın ən qədim şəhərlərindən olan Qəbələnin çox zəngin tarixi var. Bu rayondakı ölkə əhəmiyyətli qədim memarlıq abidələri mədəni irsimizin nadir inciləri hesab olunur.
Tur-aksiya iştirakçıları şam yeməyindən sonra intellektual yarışlarda öz biliklərini nümayiş etdirəcəklər.

Foto qalereya

Keçidlər