Kinosevərlərlə görüş təşkil olunub.
“Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycanda keçirilən “Özbək kinosu həftəsi” çərçivəsində Qəbələdə özbək kinematoqrafçıları ilə görüş təşkil olunub. Noyabrın 22-də Mədəniyyət mərkəzində təşkil olunan tədbirə RİH-nin məsul işçiləri, rayonun əmək kollektivlərinin nümayəndələri və yerli kino həvəskarları qatılıb. Görüşdə Mədəniyyət Nazirliyinin Kinematoqrafiya şöbəsinin əməkdaşı Almaz Sultanzadə, “Özbəkkino” Milli Agentliyinin mətbuat xidmətinin əməkdaşı, kinoşünas Barno Unqboyeva, SSRİ Dövlət mükafatı laureatı, rejissor Şuxrat Mahmudov, Əməkdar artist Rano Şadiyeva və ssenari müəllifi Roza Merkinbayeva iştirak ediblər. Əvvəlcə qardaş ölkənin “Sənətkarlar diyarı” adlı sənədli filmi nümayiş etdirilib. Tamaşaçılar film vasitəsilə Özbəkistanın tarixi məkanlarına səyahət edərək, özbək xalqının mədəni irsi ilə tanış olmaq imkanı qazanıblar. Filmin nümayişi başa çatdıqdan sonra qonaqlar səhnəyə dəvət olunublar. Onlar göstərilən qonaqpərvərliyə və yaradılan şəraitə görə təşəkkürlərini bildirib. Qardaş ölkənin kinematoqrafçılarından ibarət nümayəndə heyəti rayonumuza səfərləri zamanı yerli adət-ənənələrlə, tarixi abidələrlə və turizm infrastrukturu ilə yaxından tanış olub, bölgənin görməli yerlərini gəziblər.