Narkotiklərin zərərli təsirlərinə dair növbəti maarifləndirmə tədbiri Qəbələdə təşkil olunub.
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın müvafiq bəndlərinin icrası ilə bağlı növbəti maarifləndirmə tədbiri Qəbələ dövlət peşə təhsil mərkəzində təşkil edilib. Komissiyanın İşçi qrupunun və Qəbələ Rayon İcra Hakimiyyətinin birgə təşkil etdiyi tədbirdə narkotiklərin insan orqanizminə məhvedici təsiri, cəmiyyətə və insanların sağlamlığına ziyanı və törətdiyi sosial bəlalar, QİÇS və bir sıra başqa yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması barədə ətraflı məlumat verilib. Eyni zamanda, belə tədbirlərə ictimaiyyətin, din xadimlərinin cəlb edilməsi, bələdiyyə, polis orqanları, təhsil işçiləri, əmək kollektivləri və müvafiq komissiyalar arasında əlaqələrin genişləndirilməsi haqqında tövsiyələr də diqqətə çatdırılıb. Həmçinin tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, müzakirələr aparılıb. Tədbirdə rayon komissiyasına metodiki kömək göstərilib və zəruri əyani vəsaitlər təqdim olunub.