Qəbələdə sağlamlıq imkanları məhdud uşaqlar üçün bayram şənliyi təşkil olunub.
Beynəlxalq Əlillər Günü münasibətilə Qəbələ Uşaq və Ailələrə Dəstək Mərkəzi və Qəbələ regional “ASAN xidmət” mərkəzinin birgə əməkdaşlığı ilə sağlamlıq imkanları məhdud, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün “Biz bir ailəyik” adlı bayram şənliyi təşkil edilib.
Tədbirdə Mərkəzdə təlim-tərbiyə alan uşaqlar və onların valideynləri, rayon icra hakimiyyətinin, müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qəbələ şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə iştirakçılar əvvəlcə foyedə sağlamlıq imkanları məhdud uşaqların əl işlərindən ibarət sərgiyə baxıblar.
Sonra incəsənət məktəbinin şagirdləri dövlət himnimizi ifa ediblər.
Tədbirdə Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Günel Ağayeva, Qəbələ Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Absalam Hüseynov, Təhsil Şöbəsinin müdiri Arifə Bayramova və başqaları çıxış edərək, ölkəmizdə sağlamlıq imkanları məhdud, əlilliyi olan uşaqlara göstərilən yüksək dövlət qayğısından danışıb, onların cəmiyyətə inteqrasiyası, istedadlarının və yaradıcılıq qabiliyyətlərinin aşkara çıxarılması üçün davamlı tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıblar.
Uşaq və Ailələrə Dəstək Mərkəzində təlim alan uşaqların və incəsənət məktəbinin şagirdlərinin birgə hazırladıqları maraqlı konsert proqramı ilə davam edən tədbirin sonunda uşaqlara hədiyyələr təqdim olunub.