Bələdiyyə üzvü olan qadınlar üçün təlim keçirlmişdir.
Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatı ilə birgə rayonumuzdakı bələdiyyələrin üzvü olan qadınlarla təlim keçirlmişdir. Təlimi giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova açmışdır. O bildirmişdir ki, təlim bələdiyyə üzvləri olan qadınların liderlik potensialının, eləcə də müvafiq ərazidə vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi və gender bərabərliyi istiqamətində dövlət siyasətinin həyata keçirilməsi sahəsində bilik və bacarıqlarının artırılması məqsədi daşıyır. İcra hakimiyyəti başçısının müavini ölkəmizdə gender bərabərliyini təmin etmək üçün aparılan uğurlu siyasətdən, onun nəticələrindən danışmışdır. Ətayə Osmanova vurğulamışdır ki, ölkəmizdə gender bərabərliyini, qadınların ictimai həyatda fəal iştirakını təmin etmək üçün ulu öndər Heydər Əliyev tərəfindən başlanılan işlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Qadınlar cəsarətlə dövlət və özünüidarəetmə orqanlarına rəhbər vəzifələrə irəli çəkilir və bu vəzifələrdə müvəffəqiyyətlə çalışırlar. Ətayə Osmanova rayonda gender bərabərliyinin təmin edilməsi, qadınların rəhbər vəzifələrə təyinatı məsələləri barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Sonra Respublika Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov «Gender bərabərliyi dövlət siyasəti, müqayisəli statistika, milli qanunvericilik» mövzusunda məruzə etmişdir. Sonra tədbir bələdiyyələrdə fəaliyyət göstərən nümayəndələrin imkanlarının genişləndirilməsi liderlik keyfiyyətinin inkişafı, mentor prosesi mövzularında qruplarda davim etmişdir. Tədbir «Dövlət qadın siyasəti» adlı qısametrajlı filmin nümayişi ilə başa çatmışdır.