Qəbələdə icbari tibbi sığortaya keçidlə əlaqədar maarifləndirmə tədbiri keçirilib.
Məlumdur ki, 2020-ci ilin 1 yanvar tarixindən başlayaraq ölkəmizdə “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikasının Qanunun tətbiqinə başlanacaq. Bu münasibətlə əhalinin maarifləndirilməsi tədbirləri davam edir. Dekabrın 6-da Qəbələ Mədəniyyət Mərkəzində “İcbari tibbi sığorta” haqqında Azərbaycan Respublikası Qanunun tətbiqi ilə əlaqədar növbəti maarifləndirmə tədbiri keçirilmişdir. Tədbiri giriş sözü ilə Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova açmışdır. İcbari tibbi sığortanın böyük sosial əhəmiyyəti daşıdığını vurğulayan Ətayə Osmanova bildirmişdir ki, 2020-ci ilin yanvarın 1-dən bu mühüm sosial layihənin həyata keçirilməsinə başlanacaqdır. Birinci növbədə icbari tibbi sığortanın tətbiqinə başlanacaq 20 rayondan biri də Qəbələdir. Qəbələ Rayon Mərkəzi Xəstəxanası baş həkiminin müavini Cavanşir Məlikov, müalicə diaqnostika mərkəzinin baş həkimi Ceyhun Əhmədov icbari tibbi sığortaya keçidlə əlaqədar rayonun səhiyyə müəssisələrində görülmüş işlər barədə tədbir iştirakçılarına məlumat vermişlər. Bildirmişlər ki, Respublika Səhiyyə Nazirliyinin və rayon icra hakimiyyətinin yaxından dəstəyi ilə rayonda səhiyyə müəssisələri icbari tibbi sığortanın tətbiqinə tam hazır vəziyyətə gətirilmişdir. Çıxış edənlər icbari tibbi sığortaya keçidlə əlaqədar bir daha vətəndaşların üzərinə düşən vəzifələri xatırlatmışdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin məsul işçisi Elvin Abbasov icbari tibbi sığortaya keçidin sosial əhəmiyyətindən danışmış, “İcbari tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununda Milli Məclis tərəfindən edilən dəyişikliklərin mahiyyətini açıqlamışdır. Elvin Abbasov icbari tibbi sığorta haqqlarının miqdarı barədə tədbir iştirakçılarını məlumatlandırmış, sığortalıların hansı xidmətlərdən istifadə edə biləcəklərini izah etmişdir. Sonda tədbir iştirakçılarının sualları cavablandırılmışdır. Tədbiri rayon icra hakimiyyəti başçısının müavini Ətayə Osmanova yekunlaşdırmışdır.