“Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşası Qəbələ xalq teatrının təqdimatında.
Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrı uzun illər fasilədən sonra yenidən fəaliyyətə başlamışdır. Xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa hazırlayaraq təqdim etmişdir. Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsində M.F.Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının təqdimatı böyük marağa səbəb olmuş və alqışlarla qarşılanmışdır. Səhnə əsərinə 500-dən çox rayon sakini baxmış və tamaşaçılar xalq teatrının yeni fəaliyyətini yüksək qiymətləndirmişlər. Bir saatdan artıq davam edən tamaşadan sonra Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev teatrın yaradıcı heyəti ilə görüş keçirmiş, onları təbrik edərək yeni-yeni uğurlar arzu etmişlər.Nazir müavini Ədalət Vəliyev teatrın kollektivinə yeni səhnə geyimlərinin veriləcəyini və bir neçə nəfərin Bakıdakı teatrlarda təcrübə keçməsi üçün imkan yaradılacağını bildirmişdir. Görüşdə məlumat verilmişdir ki, Qəbələ Xalq Teatrı 1964-cü ildə yaradılmış və müxtəlif vaxtlarda xırda səhnəciklər nümayiş etdirmişdir. İlk dəfə iri həcmli səhnə əsərini təqdim edən xalq teatrının kollektivi Qəbələdə dövlət dram teatrının formalaşmasına çalışırlar. Hazırda xalq teatrının aktyor heyəti 2-si ali, 4-ü orta ixtisaslı incəsənət işçisi və 9-u həvəskar olmaqla 15 nəfərdən ibarətdir. Hal-hazırda teatr daha iki tamaşanın təqdimatına hazırlaşır.