Qəbələnin otel və mehmanxanalarında 11 ayda 170 mindən çox yerli və əcnəbi turistə xidmət göstərilib.
Son illər Azərbaycanda həyata keçirilən islahatlar iqtisadiyyatın inkişafına, makroiqtisadi göstəricilərin davamlı artmasına səbəb olub. Bu nailiyyətlərin əldə edilməsində turizm sənayesinin də müəyyən payı vardır. Azərbaycanın coğrafi mövqeyi, təbiəti, iqlimi, tarixi abidələri, mətbəxi, xalqımızın zəngin mədəniyyəti və digər amillər turistlərin Azərbaycana böyük axınla səfər etməsinə geniş yol açıb. Geniş turizm infrastrukturuna malik Qəbələ rayonu ilin bütün fəsillərində turistlərin diqqətini özünə cəlb edir. 2019-cu ilin 11 ayında rayondakı otel və mehmanxana tipli müəssisələrə 172 min 818 nəfər yerli və əcnəbi turist yerləşdirilib. Onların 58 min 371-i və ya 33,8 faizi Azərbaycan, 114 min 447-si və ya 66,2 faizi xarici ölkə vətəndaşı olub. On bir ayda Qəbələyə gələn əcnəbi turistlər arasında Səudiyyə Ərəbistanının vətəndaşları üstünlük təşkil edib. Ötən müddətdə bu ölkənin 34 min 184 nəfər vətəndaşı Qəbələdə olub. Ümumiyyətlə, on bir ayda Qəbələnin otel və mehmanxanalarında Birləşmiş Ərəb Əmirliyi, Küveyt, Bəhreyn, Qətər, Oman, Rusiya, Hindistan, Çin və İraqdan olanlar üstünlük təşkil edib. Qurum rəsmisi bildirib ki, cari ilin ötən dövründə Qəbələ rayonu ərazisində 16 mehmanxana və mehmanxana tipli müəssisə fəaliyyət göstərib. Bu obyektlərin birdəfəlik tutumu 2260 yerdir. On bir ayda otel və mehmanxanalarda 24 min 776 çarpayı-yerdən istifadə olunub. Bir gün qalmaq üçün orta qiymət 86,3 manat təşkil edib. Turistlərin qalma müddəti 1-2 gün olub. Otel və mehmanxanalarda ən çox sıxlıq avqustda müşahidə olunub – 36 min 466 nəfər. İyunda turistlərin sayı 21 min 53, iyulda isə 35 min 453 nəfər olub. Ötən dövrdə turizm obyektlərində 1238 işçi çalışıb. Onlardan 240 nəfərini qadınlar, 95 nəfərini turizm və otelçilik üzrə təhsil alan mütəxəssislər, 36 nəfərini isə əcnəbi işçilər təşkil edib.