Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva Qəbələnin müasir istirahət-turizm obyektləri və istehsal müəssisələri ilə yaxından tanış olmuşdur
Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva oktyabrın 3-də Qəbələ rayonuna səfər etmişdir. Qonaq əvvəlcə Qəbələdə “Tufan” dağ-xizək yay-qış istirahət kompleksinin inşası ilə tanış olmuşdur. Roza Otunbayevaya məlumat verilmişdir ki, bu sağlamlıq-turizm obyektində turistlərə qış idman növləri ilə məşğul olmaq, eləcə də ilin bütün fəsillərində ora ekskursiya edənlərin istirahəti üçün şərait yaradılacaq. Bildirilmişdir ki, dağ-xizək kompleksinin ərazisində 18 min metr uzunluğunda 10 enmə zolağı inşa ediləcək. Bütün dağ-xizək trassasının enmə zolaqlarının süni qaryaratma sistemi ilə təchiz edilməsi nəzərdə tutulur və bu məqsədilə orada 223 süni qaryaratma qurğusunun yerləşdirilməsi planlaşdırılır. İstirahət mərkəzi gün ərzində üç min nəfərə xidmət göstərmək imkanına malik olacaq.
Sonra qonaq tikintisi davam edən Qəbələ Konqres Mərkəzinə baş çəkmişdir. İnşaat işləri ilə maraqlanan Roza Otunbayeva məlumat verilmişdir ki, 2,8 hektar ərazisi olan mərkəzdə 1200 yerlik ikimərtəbəli konfrans zalı fəaliyyət göstərəcək. Yüksək səviyyəli beynəlxalq tədbirlərin keçirilməsi üçün hər cür şəraitin yaradılacağı mərkəz gələn ilin birinci yarısında istifadəyə veriləcək.
Qırğızıstanın keçmiş Prezidenti Qəbələdə “Gilan piano” MMC-nin “Beltmann” piano fabriki ilə də tanış olmuşdur. Qonağa məlumat verilmişdir ki, 2009-cu ildən fəaliyyətə başlayan fabrik hazırda dünyada “Beltmann” markalı pianolar istehsal edən yeganə müəssisədir. Fabrikdə istehsal prosesi ilə tanışlıq zamanı qeyd edilmişdir ki, regionda analoqu olmayan və ən son beynəlxalq standartlara cavab verən fabrik inzibati bina və istehsal sahəsindən ibarətdir. Pianolar sexlərdə yığılaraq, xüsusi avadanlıqla təchiz olunmuş altı otaqda sazlanır və köklənir. Fabrikdə ildə 1200-1500 piano istehsal edilməsi mümkündür. Sonra qonaq Qəbələ Konserv Zavodunda olmuşdur. Müəssisə ilə tanışlıq zamanı məlumat verilmişdir ki, 12 hektar ərazidə yerləşən zavodun istehsal gücünə və texnoloji avadanlığına görə Qafqazda analoqu yoxdur. Zavodda “Tetra Pak” xətti istismara verilmiş, xaricdən gətirilən avadanlıqlar quraşdırılmışdır. Müəssisənin iş prinsipi xammal qəbulundan başlayaraq hazır məhsulun qablaşdırılmasına qədər bütün prosesləri əhatə edir. Ümumilikdə 350 nəfərin çalışdığı müəssisədə 30 çeşiddə meyvə şirəsi, konsentrat, nektar, 12 çeşiddə turşu, tomat, mürəbbə, cem, soyuq çaylar, 15 çeşiddə yarımfabrikat formada məhsullar hazırlanır. Məhsullar daxili bazara çıxarılmaqla yanaşı, 30-dan çox ölkəyə ixrac edilir.
Roza Otunbayeva rayona səfəri zamanı Qəbələ Limonad Zavoduna da baş çəkmiş, istehsal prosesi ilə maraqlanmışdır. Ona məlumat verilmişdir ki, istehsal prosesinin tam avtomatlaşdırıldığı müəssisədə beş çeşiddə məhsul–kola, tərxun, düşes, limon, üzüm limonadları, həmçinin qazlı və qazsız sular hazırlanır. Məhsullar müxtəlif tutumlu plastik və şüşə qablarda bazara çıxarılır. İllik istehsal gücü 50 milyon litr olan zavodda 60 nəfər işlə təmin edilmişdir.
Qırğızıstanlı qonaq Qəbələ rayon Tarix-Diyarşünaslıq Muzeyində də olmuşdur. Muzeylə tanışlıq zamanı qonağa məlumat verilmişdir ki, 1980-ci ildən fəaliyyət göstərən bu muzeyin əsas fondunda Qəbələnin 2500 illik tarixini əks etdirən 12 mindən çox tarixi və elmi əhəmiyyətə malik eksponat mühafizə olunur. Muzeyin ayrı-ayrı zallarındakı eksponatlarla tanış olan qonağın diqqətini Qafqaz Albaniyasının 900 il paytaxtı olmuş qədim Qəbələ şəhəri və onun bu günədək gəlib çatmış möhtəşəm qala divarının, bürc və darvazasının maketi və orada aparılmış arxeoloji qazıntılar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələri çəlb etmişdir.
Qırğızıstanın keçmiş Prezidenti Roza Otunbayeva səfərinin sonunda Qəbələdəki beşulduzlu otellər–“Qafqaz Riverside”, “Qafqaz Resort”, “Qafqaz Sport” otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olmuş, qonağa bölgənin turizm imkanları barədə geniş məlumat verilmişdir.
Qonaq Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu və bu istiqamətdə böyük işlər görülərək uğurlar əldə edildiyini vurğulamış, ölkəmizin sosial-iqtisadi inkişafının, bölgələrdə müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasının şahidi olduğunu bildirmiş və Qəbələyə səfərindən məmnunluğunu ifadə etmişdir.