Nic qəsəbəsində Milad bayramı qeyd edilib.
Yanvarın 7-də dünyanın pravoslav xristianları tərəfindən İsa Peyğəmbərin mövludu günü - Milad bayramı qeyd olunur. Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan udilər də bu günü özünəməxsus şəkildə qeyd edirlər. “Cotari” alban kilsəsində təşkil olunan bayram mərasimində Alban-udi icmasının rəhbəri Robert Mobili, kilsənin keşişi Rafik Danakari və icmanın üzvləri çıxış edərək Milad bayramının mahiyyətindən, tolerantlıq diyarı olan Azərbaycanda dini ayinlərin icrası üçün yaradılan şəraitdən, dövlətimizin onlara olan diqqət və qayğısından danışmış, bayram münasibətilə təbriklər səsləndirmişlər. Qeyd olunmuşdur ki, müsəlmanların və xristianların mehriban şəkildə birgə yaşadığı Nic qəsəbəsi tolerantlığın kiçik modeli hesab edilir. Tədbirdə çıxış edən udilər rayonda onlara qarşı heç bir ayrı-seçkiliyin olmadığını qeyd etmişlər. Məlumat verilmişdir ki, Nicdə 3 kilsə və 2 məscid var. “Cotari” alban kilsəsinin əsaslı şəkildə bərpa edilərək udilərin istifadəsinə verilməsi və Heydər Əliyev Fondu tərəfindən “Blun” (Baş) kilsəsində təmir-bərpa işlərinə başlanılması ölkədə tolerantlıq mühitinə gözəl nümunə olduğu çıxışlarda səslənmişdir. Qeyd olunmalıdır ki, yeddi min nəfər əhalisi olan qəsəbədə hazırda 3700 nəfərdən çox udi yaşayır. Dünyada yaşayan udilərin sayı isə 10 minə yaxındır. Qəsəbədə udilər öz dilini, dinini, adət-ənənələrini əsrlər boyu qoruyub saxlamışlar.