Rayonun Vəndam qəsəbəsində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Vəndam qəsəbə sakinləri ilə görüş-qəbulu keçirilib. Görüşdə rayon icra hakimiyyətinin məsul işçiləri, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə ictimaiyyətinin nümayəndələri iştirak edib. Rayon icra hakimiyyətinin başçısı tədbirdə respublikamızın bu günkü uğurlu inkişafından danışıb. Bidirilib ki, bu gün respublikanın hər bir bölgəsində, o cümlədən Qəbələ rayonunda geniş tikinti-abadlıq işləri aparılır - yeni yollar salınır, qaz xətləri çəkilir, təhsil, səhiyyə müəssisələri inşa olunur, uşaq bağçaları tikilir, sosial layihələr həyata keçirilir. Görülən işlər, həyata keçirilən tədbirlər əhalimizin yaxşı yaşaması, onların sosial rifahının və həyat səviyyəsinin daha da yaxşılaşdırılmasına xidmət edir. Görüşdə son illər Vəndam qəsəbəsində də geniş quruculuq işlərinin aparıldığı, sosial problemlərin aradan qaldırıldığı qeyd olunub. Yaşayış məntəqəsində 1 nömrəli məktəbin əsaslı təmir olunduğu, 2 nömrəli məktəb üçün yeni bina inşa edildiyi, qəsəbə ərazisində gülçülük istixanasının yaradıldığı və bu il oktyabr ayının 28-də ölkə başçımız cənab İlham Əliyev tərəfindən təntənəli açılış mərasiminin keçirildiyi, daxili yollarda təmir işlərinin aparıldığı, sakinlərin fasiləsiz rabitə, elektrik enerjisi və qaz ilə təchiz edildiyi, əlavə artezian quyusunun qazıldığı vurğulanıb. RİH-nin başçısı görülən bu işlərin insanların rifahının daha da yaxşılaşdırılmasına xidmət etdiyini vurğulayıb. Sonra qəsəbə sakinləri dinlənilib. Çıxış edənlərdən Allahverdi Qafarov, Gülçiçək Hüseynova, Sadıq Sadıqov, Rufi Əmrahov, Samir Hüseynov, Yahya Cəlilov və başqaları Qəbələ rayonunda və Vəndam qəsəbəsində görülmüş abadlıq-quruculuq işlərinə göstərilən diqqət və qayğıya görə sakinlər adından ölkə başçısına dərin minnətdarlıqlarını ifadə ediblər. Onlar qəsəbədə həyətlərə düşən yağış sularının qarşısının alınması ilə bağlı tədbirlər görülməsinə, elektrik naqillərinin dəyişdirilməsinə, qəsəbədə yeni artezian quyusunun azılmasına, yeni yaşayış massivinə qaz xəttinin çəkilməsinə, qəsəbədaxili yolların təmir olunmasına, yeni uşaq bağçasının və 3 nömrəli məktəb üçün binanın tikilməsinə köməklik göstərilməsini xahiş ediblər. Görüşü yekunlaşdıran RİH başçısı əhali tərəfindən qaldırılan məsələlərin araşdırılaraq tədbir görülməsi üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib.