Qəbələ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar “Qanlı yanvar” adlı tədbir keçirilmişdir.
14 yanvar 2020 – ci il tarixində Qəbələ rayon Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş “Qanlı yanvar” adlı tədbir keçirilmişdir. Tədbir şəhidlərin ruhunun 1 dəqiqəlik sükutla yad edilməsilə başlamış sonra mərkəzin əməkdaşı Aygün Məmmədova çıxış edərək faciə haqqında məlumat vermişdir. Qeyd edilmişdir ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23:30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş və dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış və itkin düşmüşdür. Sovet qoşunlarının qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları məhv edilmişdir. Həlak olanların arasında həmçinin təcili yardım işçiləri və polislər olmuşdur. 1998-ci il martın 31-də Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev 1990-cı ilin yanvarında Azərbaycanın azadlığı uğrunda şəhid olanların xatirəsini əbədiləşdirmək məqsədi ilə "20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında fərman vermişdir.