Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ rayonu üzrə hərbi xidməti başa vurub ehtiyata buraxılan gənclərlə görüş keçirilmişdir.

17 yanvar 2020 | 08:00

Respublika Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsi hərbi xidməti başa vurub ehtiyata buraxılan gənclərlə görüş keçirmişdir. Görüşdə rayon icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının rəhbər işçiləri, Qarabağ müharibəsi veteranlarının təhsil şöbəsinin nümayəndələri, rayon ağsaqqallar şurasının sədri, məktəblilər iştirak etmişlər. Görüş iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi parkında ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, dahi rəhbərin xatirəsini ehtiramla yad etmişlər. Qəbələ Mədəniyyət Mərkəzində davam edən tədbiri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Qəbələ Rayon Şöbəsinin rəisi polkovnik-leytenant Rahim Ağayev açmışdır. Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şöbə rəisi Rahim Ağayev orduda xidməti ləyaqətlə başa vurub qayıdan gəncləri təbrik etmiş, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qayğısı sayəsində ölkəmizdə ordu quruculuğu sahəsində əldə olunan nailiyyətlərdən danışmışdır. Bildirmişdir ki, ordumuz texniki təchizat və döyüş hazırlığı qabiliyyətinə görə Cənubi Qafqazın ən güclü ordusudur. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Ətayə Osmanova, gənclər və idman idarəsinin əməkdaşı Müşviq Abbasov, Qarabağ müharibəsi veteranı Mehdi Həmidov, rayon ağsaqallar şurasının sədri Nazim Mustafayev orduda xidmətlərini nümunəvi başa vurub ehtiyyata buraxılan gəncləri təbrik etmiş, onlara gələcək həyatlarında uğurlar arzulamışlar. Hərbi xidmətdən ehtiyata buraxılan gənclər adından çıxış edən Rahim Kərimov orduya və ordudan ehtiyyata buraxılmış gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevə öz minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, orduda xidməti başa vurub ehtiyyata buraxılan gənclər düşmən işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda çağırışa daim hazırdırlar. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ Rayon Şöbəsi tərəfindən xidməti nümunəvi başa vurub ehtiyata buraxılan gənclərə Fəxri fərman və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər