Qəbələ ictimaiyyəti 20 Yanvar faciəsinin otuzuncu ildönümünü qeyd etdi.
20 Yanvar faciəsinin 30-cu ildönümü ölkəmizin hər yerində olduğu kimi Qəbələdə də geniş qeyd olunub. Hələ yanvar ayının ilk günlərindən başlayaraq rayon icra hakimiyyəti başçısının 30 dekabr 2019-cu il tarixli 113 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “20 Yanvar faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” na uyğun olaraq rayonun bütün yaşayış məntəqələrində, idarə, təşkilat və müəssisələrində 20 Yanvara həsr olunmuş müxtəlif silsilə tədbirlər keçirilib. Ümumtəhsil ocaqlarında 20 Yanvar faciəsini əks etdirən stendlər, rəsm sərgiləri, şeir, inşa-yazı müsabiqələri, ədəbi-bədii tədbirlər təşkil olunub. Yanvarın 20-də rayon ictimaiyyətinin çoxminlik izdihamı şəhərimizdəki Qəbələ şəhidləri kompleksinin qarşısına toplaşıb. Mərasimdə əvvəlcə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev abidə kompleksində alovlanan "Əbədi Məşəl"in önünə və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş igid qəbələlilərin uyuduğu məzarların üzərinə gül dəstələri qoyub. Sonra izdihamlı insan axınının abidə kompleksinə ziyarəti başlayıb. Qəbələlilər dərin ehtiram və qürur hissi ilə torpaqlarımız uğrunda canlarından keçmiş şəhidlərimizin rəmzi məzarlarını ziyarət edib, önünə gül düzüblər. Saat 12-də şəhərdə hərəkət edən avtomobillər dayanaraq qəhrəman Vətən oğullarının müqəddəs xatirəsini bir dəqiqəlik səs siqnalları ilə yad ediblər. Qəbələlilər Azərbaycanın azadlıq salnaməsini öz qanları ilə daş kitabələrə yazan və müdhiş 20 Yanvar gecəsi öz canlarını Vətən uğrunda fəda edən qəhrəman insanları heç vaxt unutmur, onların əziz xatirəsini daim uca tutur.