Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələdə
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Riçard Morninqstar Qəbələ rayonuna səfəri çərçivəsində RİH-nin inzibati binasında rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevlə görüşmüşdür. Qəbələ rayonunda olmasından məmnunluğunu qeyd edən səfir rayonun onun üçün böyük maraq doğurduğunu ifadə etmişdir. İkitərəli görüşdə rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev rayonunun tarixi, mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, əhalinin məşğuliyyəti, son zamanlar rayonda aparılan geniş abadlıq və quruculuq işləri barədə səfirə ətraflı məlumat vermişdir. Qeyd olunmuşdir ki, bu gün Qəbələ irimiqyaslı tədbirlərə ev sahibliyi edir. Rayonda istehsal müəssisələri ilə yanaşı turizm sektorunun inkişafı istiqamətində də mühüm işlər görülür. Diqqətə çatdırılmışdır ki, rayona gələn turistlərin şən və mənalı istirahəti üçün burada hər bir şərait yaradılmışdır. Riçard Morninqstar rayonun gözəl bir məkan olduğunu vurğulayaraq Qəbələ V Beynəlxalq Musiqi Festivalını izlədiyini və təbiət qoynunda gözəl musiqidən zövq aldığını ifadə etmişdir. Rayonun simasında yüksək inkişaf tempinin şahidi olduğunu qeyd edən səlahiyyətli səfir bu halı yüksək qiymətləndirmişdir. Sonda tərəflər arasında qarşılıqlı hədiyyələr təqdim olunmuşdur.