Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Dövlət Tarix-Bədii Qoruğu turistlərin səfər etdiyi tarixi məkanlardan biridir.

24 yanvar 2020 | 16:00

Ümumilikdə 420 hektar ərazini əhatə edən Qəbələ Dövlət Tarix-Bədii Qoruğunun ərazisi 3 tarixi məkandan - Antik şəhər yeri, Səlbir və Qala ərazilərindən ibarətdir. Qaraçay və Covurlu çayları arasında yerləşən və eramızdan əvvəl IV əsrdən eramızın V əsrinədək 900 il Qafqaz Albaniyasının paytaxtı olmuş qədim Qəbələ şəhərinin qalıqlarının olduğu bu ərazi arxeoloji tədqiqatların aparılması baxımından, həmçinin mədəniyyət və turizmin inkişafı üçün böyük əhəmiyyət kəsb edir. İlk dəfə 1926-cı ildə arxeoloq Davud Şərifovun rəhbərliyi altında aparılan arxeoloji tədqiqatlar 1945-1946-cı illərdə arxeoloq Saleh Qazıyev tərəfindən, 1959-cu ildən isə Azərbaycan SSR Elmlər Akademiyasının Saleh Qazıyevin rəhbərliyi altında yaratdığı Qəbələ arxeoloji ekspedisiyanın tərkibində Firudin Qədirov, Qara Əhmədov, İlyas Babayev, Qafar Cəbiyev və digər arxeoloqlar tərəfindən Qoruq ərazisində tədqiqat işləri 1990-cı ilədək davam etdirilib. Uzun fasilədən sonra 2005-ci ildən etibarən SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları, 2009-cu ildən isə Cənubi Koreyadan olan mütəxəssislərin birgə fəaliyyəti ilə Qoruq ərazisində arxeoloji qazıntılar yenidən başlayıb. Aşkar edilən arxeoloji tapıntıların üzəri konservasiya olunub, məlumat lövhələri quraşdırılıb, Qoruq ərazisində müasir tələblərə cavab verən Qəbələ Arxeoloji Mərkəzi tikilib istifadəyə verilib. Prezident İlham Əliyev 2014-cü ildə Qəbələyə səfəri zamanı Arxeoloji Mərkəzin rəsmi açılışını edib. Arxeoloji mərkəz iki sərgi salonu (muzey), müasir tipli bərpa laboratoriyası, konfrans zalı, kitabxana, arxeoloji fond və yardımçı otaqlardan ibarətdir. Ərazidə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan maddi-mədəniyyət nümunələri qeydiyyata alınaraq mərkəzin fonduna təhvil verilir və sərgi salonunda ziyarətçilərə nümayiş etdirilir. Dövlətimizin başçısı tərəfindən 2020-ci ilin Azərbaycan Respublikasında “Könüllülər ili” elan edilməsi ilə əlaqədar hazırda Qəbələ Dövlət Tarix-Bədii Qoruğuna və Arxeoloji Mərkəzə könüllülər cəlb edilərək, onlara Azərbaycan, rus və ingilis dillərində nəzəri-praktiki məşğələlər tədris olunur. Azərbaycanın maddi və qeyri-maddi irsinin qorunub saxlanılması, tarixi, dini, mədəni abidələrin bərpası və dünyada tanıdılması üzrə Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən görülmüş işlərin miqyası ölçüyəgəlməzdir. SEBA Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası da bu təşəbbüsə öz töhfəsini vermək məqsədilə Qafqaz Albaniyasının ilk paytaxt şəhəri olmuş Qəbələ şəhərində arxeoloji tədqiqatlara dəstəyini əsirgəmir. Qəbələ ilə bağlı elmi araşdırmaların davamı olaraq “Qəbələ etnoqrafik ekspedisiyası”nın fəaliyyətinin nəticəsi olan “Qəbələ tarixi”, “Qəbələ etnoqrafiyası” və “Qəbələ folkloru” kitablarından ibarət toplu 3 dildə (Azərbaycan, rus, ingilis) nəşr olunaraq oxuculara təqdim olunub”.

Keçidlər