Nic qəsəbəsində hesabat yığıncağı keçirilmişdir.
Nic qəsəbə inzibati ərazi nümayəndəliyində 2019-cu ilin yekunları, 2020-ci ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirilmişdir. Məsələ ilə əlaqədar Nic qəsəbə inzibati ərazi nümayəndəsi İbrahim Məmmədov məruzə etmişdir. Məruzəçi bildirmişdir ki, 2019-cu il də respublikamızın hər yerində olduğu kimi Qəbələ rayonunda, o cümlədən Nic qəsəbəsində də bütün sahələrdə nailiyyətlər əldə olunmuşdur. Qəsəbə sakinlərinin əsas məşğuliyyəti əkinçilik, maldarlıq, meyvəçilik və tərəvəzçilikdir. Qəsəbə hələ qədimdən qiymətli ixrac məhsulu olan fındıq məhsulunun istehsalı ilə məşhurdur. Fındığın istehsalını daha da artırmaq üçün 2019-cu ildə burada əlavə 40 hektar yeni bağ əkilmişdir. Məruzədə qeyd olunmuşdur ki, qəsəbədə yaşayan imkansız və köməyə ehtiyacı olan ailələr daim nümayəndəliyin diqqət mərkəzində olmuşdur. Onlara qayğı ilə yanaşılmış, imkan daxilində maddi və mənəvi köməklik göstərilmişdir. Nic qəsəbəsi ölkəmizdə multkulturalizmin və tolerantlığın ən uğurlu modellərindən biri sayılır. Burada udilər, azərbaycanlılar, ləzgilər və digər xalqların nümayəndələri bir-birinə hörmət və qarşılıqlı anlaşma şəraitində yaşayırlar. İbrahim Məmmədov məruzəsində nümayəndəliyin apardığı işi hərtərəfli təhlil etmiş, 2020-ci ildə qarşıda duran vəzifələrdən danışmışdır. Hesabat yığıncağında qəsəbə ağsaqqallar qrupunun sədri Frans Vartanov, qəsəbə xəstəxanasının baş həkimi Fikrət Ağayev, “Orayin” Udi Mədəniyyət Mərkəzinin sədri Oleq Danakari, müəllim Şahid İslamov, Yeni Azərbaycan Partiyası Nic qəsəbə ərazi ilk təşkilatının sədri Rövşən Balayev və başqaları çıxış edərək qəsəbədə görülmüş böyük abadlıq, quruculuq işlərinə görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər. Yığıncaqda Qəbələ Rayon İcra Hakimiyyəti başçısının müavini Arif Allahverdiyev çıxış edərək ölkə Prezidenti İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində respulikamızın gündən-günə inkişaf etdiyini, çiçəkləndiyini bildirmişdir. O qeyd etmişdir ki, Qəbələ rayonu və Nic qəsbəsi də ölkə başçısının qayğısı sayəsində bu inkişafda öncül yerlərini saxlamışlar. Natiq ümid etdiyini bildirmişdir ki, rayonumuzun böyük yaşayış məntəqələrindən biri olan Nic qəsəbəsi 2020-ci ildə də yeni uğurlara imza atacaqdır. Çıxış edənlər Nic qəsəbə inzibati ərazi dairəsi nümayəndəliyinin fəaliyyətini kafi qiymətləndirmişlər. Yığıncaqda müvafiq qərar layihəsi müzakirə edilərək qəbul olunmuşdur.