Rayonun Əmirvan kəndində səyyar görüş-qəbul keçirilib.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin növbəti səyyar görüş-qəbulu Əmirvan kəndində keçirilib. Görüş qəbulda RİH-nin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak edib. RİH-nin başçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan uğurlu islahatlardan, ölkənin sosial-iqtisadi inkişafından, həyata keçirilən layihələrdən, bu istiqamətdə rayonumuzda görülən və icrası nəzərdə tutulan işlərdən danışaraq kənd sakinlərinə ətraflı məlumat verib. Rayon rəhbəri regionların sosial-iqtisadi inkişafı dövlət proqramı çərçivəsində rayonumuzun yaşayış məntəqələrində, həmçinin Əmirvan kəndində görüləcək işləri tədbir iştirakçılarının diqqətinə çatdırıb. Keçən il əhalinin istifadəsinə verilən 19 kilometrlik Böyük Əmili-Əmirvan yolunun da belə layihələrdən biri olduğunu vurğulayan RİH-nin başçısı bu işlərin rayonun digər yaşayış mənəqələrində də davam etdiriləcəyini deyib. Sonra görüş-qəbulda iştirak edən vətəndaşlar kəndin ümumi problemlərini, həmçinin onları nərahat edən şəxsi məsələləri RİH başçısının nəzərinə çatdırıblar. Sakinlərdən Sərdar Allahverdiyev, Sədrəddin İsmayılov, Nəsibə Mahmudova, Süleyman İsmayılov, Laçın Ağalarov və başqaları rayonumuzda həyata keçirilən sosial layihələrin uğurlu icrasına, xüsusilə Böyük Əmili-Əmirvan müasir şosse yolunun yenidən qurulmasına görə Prezident İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Onlar çıxışlarında əraziyə qaz xəttinin çəkilməsinə, elektrik xətlərinin təmir olunmasına, yaşayış məntəqəsinə gələn içməli su kəmərinin yenilənməsinə, uşaq bağçasının təmir olunmasına köməklik göstərilməsini xahiş ediblər. Qaz xətti çəkilişinin dövlət proqramına uyğun olaraq aparıldığını qeyd edən rayon icra hakimiyyətinin başçısı irəli sürülən digər təkliflərin həlli barədə aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlar verib.