Rayonun Topbağ kəndində səyyar qəbul keçirilmişdir.
Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin daha bir səyyar görüş-qəbulu Topbağ kənd sakinləri ilə keçirilib. Görüş-qəbulda RİH-nin məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri və ağsaqqallar iştirak ediblər. Tədbirdə rayon icra hakimiyyətinin başçısı ölkəmizdə sosial-iqtisadi sahədə qazanılan uğurlardan, həmin işlərin fonunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bölgəyə göstərdiyi xüsusi diqqət və qayğıdan, eləcə də Qəbələ rayonunda aparılan tikinti-quruculuq işlərindən, əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən ətraflı danışıb. Sonra kənd sakinləri dinlənilib. Onlar əhalinin rifahının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərə, aqrar sahəyə göstərilən dövlət qayğısına, yaşayış məntəqəsinin dayanıqlı rabitə, fasiləsiz elektrik enerjisi, içməli su ilə təchiz olunmasına, kəndi rayon mərkəzi ilə birləşdirən Böyük Əmili-Əmirvan yolunun yenidən qurulmasına və digər sahələrdə görülən işlərə görə ölkə başçısı İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər. Çıxış edənlərdən İradə Səmədova, Aləddin Baxışov, Absəddin Yediyarov, Dilqəm Abdullayev, Fənarə Alışanova, Qnyaz Məmmədov və başqaları əraziyə təbii qaz xəttinin çəkilməsini, yaşayış məntəqəsində işıq xətlərinin təmir olunmasını, ərazinin suvarma suyu ilə təchizatının yaxşılaşdırılması üçün əlavə tədbirlərin görülməsini, kənddəki futbol meydançasında müvafiq avadanlıqların quraşdırılmasını və Topbağ kəndini Zalam yolu ilə birləşdirən məsafənin asfaltlaşdırılmasını xahiş ediblər. Görüş-qəbulda RİH-nin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərlə bağlı rayonun əlaqədar təşkilatlarının rəhbərlərinə müvafiq tapşırıq və göstərişlər verib.