İlahiyyat İnstitutunun tələbələri Qəbələdə qış məktəbində.
Fevralın 3-də Qəbələ rayonunda Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “Din, mədəniyyət və cəmiyyət” mövzusunda qış məktəbi başlayıb. Əvvəlcə ali məktəbin kollektivi ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə tər çiçəklər düzərək, dahi rəhbərin xatirəsini ehtiramla yad ediblər. Qış məktəbinin açılış mərasimində Aİİ-nin rektoru vəzifəsini müvəqqəti icra edən Aqil Şirinov tələbələrə bu imkandan maksimum yararlanmağı tövsiyə edib. O, Qəbələnin Nic kəndində təşkil edilən qış məktəbinin əhəmiyyətindən söz açaraq, burada yaşayan udilərlə yaxından ünsiyyətin, eyni zamanda, bu tarixi məkanda olan qədim abidələrimizlə tanışlığın xüsusi səciyyə daşıdığını nəzərə çatdırıb. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədr müavini Gündüz İsmayılov ölkəmizdə mövcud multikultural mühit barədə söhbət açıb. Tələbələrin bu mühitlə yaxından tanışlığı baxımından institutun Qəbələdə təşkil etdiyi qış məktəbinin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili qədim xalqlardan biri olan udinlər üçün multikultural ölkəmizdə yaradılan hərtərəfli şəraitdən bəhs edib. Bildirib ki, Azərbaycan İlahiyyat İnstitutu istər İslam dini, istərsə də digər dünya dinlərini dərindən bilən, dövlətçiliyimizin keşiyində duran yüksəkixtisaslı dinşünas və islamşünas kadrlar hazırlayaraq təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan ali təhsil müəssisələrindən birinə çevriləcək. DQİDK-nın Şəki bölgəsi üzrə şöbə müdiri vəzifəsini icra edən Taleh Abdullayev qeyd edib ki, qış məktəbi, ekskursiya və seminarlar tələbələrin biliklərinin artırılmasında, dünyagörüşlərinin zənginləşdirilməsində xüsusi əhəmiyyətə malikdir. Fevralın 7-nə qədər davam edəcək layihə çərçivəsində qış məktəbi iştirakçılarının Heydər Əliyev Mərkəzi, Şəhidlər xiyabanı, Konqres Mərkəzi və Qəbələ Arxeoloji Mərkəzi ilə tanışlığı nəzərdə tutulmuşdur. Xatırladaq ki, qış məktəbinin təşkilində əsas məqsəd tələbələrin dünyagörüşünün zənginləşdirilməsi, onların ölkəmizdə mövcud multikultural, tolerant mühitin canlı şahidi olmalarıdır.