Böyük Pirəli kəndində səyyar görüş-qəbul keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Böyük Pirəli kənd sakinləri ilə səyyar görüş-qəbulu keçirilib. RİH-nin məsul işçilərinin, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərlərinin və kənd sakinlərinin iştirak etdiyi səyyar görüş-qəbulda rayon icra hakimiyyətinin başçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkədə sosial sahədə aparılan islahatlar və iqtisadi nailiyyətlər barədə geniş məlumat verib, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən, bununla bağlı görülən işlərdən danışıb. Səyyar görüşdə iştirak edən sakinlər rayonda, o cümlədən Böyük Pirəli kəndində görülən quruculuq işləri ilə bağlı dövlətimizin başçısına öz razılıqlarını ifadə ediblər. Onlar əhalinin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, ölkə vətəndaşlarına göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər. Tədbirdə çıxış edən kənd sakinlərindən Qismət Yunusov, Güloğlan Mahmudov, Nüşabə Bəkirova, Qəhrəman Məmmədhüseynov, Comərd Hidayətov və başqaları yaşayış məntəqəsində yeni artezian quyusunun qazılmasını, işıq dirəklərinin dəyişdirilməsini, kəndin mərkəzindən keçən çayın yatağının təmizlənməsini, ərazidə əlavə transformatorun quraşdırılmasını, uşaq bağçasının açılmasını və təzə salınmış yaşayış massivinə qaz xəttinin çəkilməsini xahiş ediblər. Rayon icra hakimiyyətinin başçısı vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verib və icrasını nəzarətə götürüb.