Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Yerusəlim Simfonik Orkestrinin və Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqələrinin qaliblərinin konserti

29 iyul 2013 | 15:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı çərçivəsində vokalçıların Bülbül adına Beynəlxalq müsabiqələrinin qaliblərinin konserti olub. Məşhur italyan musiqiçisi Mirko Roverellinin dirijorluğu ilə baş tutan konsertdə Yerusəlim simfonik orkestri Azərbaycanın və Avropanın görkəmli bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. “Viva opera” adlı konsertdə Azərbaycan, Rusiya və Türkiyədən tanınmış ifaçılar - Sergey Leyfekus, Burçin Savigne, Xalq Artisti Əli Əsgərov, Əməkdar Artist Elçin Əzizov, Azər Rzazadə, Fəridə Məmmədova, Yusif Eyvazov tamaşaçılara görkəmli bəstəkarlar Cüzeppe Verdinin “Bal-maskarad”, “Simon Bokkaneqra”, “Otello”, Umberto Cordanonun “Andre Şenye”, Cakomo Puççininin “Turandot”, “Toska”, “Çio-Çio San”, eləcə də Qara Qarayev, Cövdət Hacıyevin “Vətən” operasından parçaları təqdim etmiş, gözəl çıxışları ilə dinləyicilərin qəlbinə yol tapıblar.Məharətli ifası ilə dünyaya səs salan Yerusəlim simfonik orkestrinin müşayiəti ilə keçən konsertdə Azərbaycan tamaşaçılarına və xarici ölkələrdən Qəbələyə gələn turistlərə unudulmaz gecə bəxş edilib. Daha sonra səhnəyə çıxan Bülbül Fondunun prezidenti, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri, Xalq Artisti, professor Polad Bülbüloğlu tamaşaçıları salamlamış, festivalın ərsəyə gəlməsində Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevaya dərin minnətdarlığını bildirib. Səfir Mehriban Əliyevanın himayəsi ilə keçirilən bu festivalda çox görkəmli ifaçıların iştirak etdiyini, bu mötəbər tədbirin əks-sədasının bütün dünyada çox geniş yayıldığını qeyd edib. Xalq Artisti Polad Bülbüloğlunun ifasında səslənən “Gəl ey səhər”, “Azərbaycan” kimi bəstələr, eləcə də “Ay dilbər”, “Xumar oldum” xalq mahnıları tamaşaçıların alqışlarla qarşılanıb.Məlumat üçün bildirək ki, Yerusəlim simfonik orkestri 1930-cu ildə Fələstin radiosunun nəzdində yaranıb. Orkestrin musiqi direktoru Frederik Çaslindir. Orkestr maestro Bertininin təsis etdiyi üç əsas dini musiqiyə həsr olunmuş Liturgiya festivalının daimi iştirakçısıdır. Bu dünya şöhrətli musiqi kollektivi dəfələrlə Avropanın və ABŞ-ın bir çox şəhərlərində, ən məşhur konsert salonlarında geniş proqramlarla çıxış edib.

Keçidlər