Müstəqil Dövlətlər Birliyindən olan ölkələrin təmsilçiləri Qəbələdə
Müstəqil Dövlətlər Birliyindən olan ölkələrin təmsilçiləri V Beynəlxalq Musiqi Festivalıında iştirak edib. Səfər çərçivəsində qonaqlar rayon Mədəniyyət Mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, nəhəng “Ağ royal” formasında tikilən bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılıb. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Bildirilib ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici edib.Diqqətə çatdırıldı ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Daha sonra qonaqlar rayon icra hakimiyyətində olublar. Bildirilib ki, MDB-yə üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Dövlətlərarası Humanitar Forumunun ötən il Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub. Görüş zamanı rayon icra hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələdə keçirilən V Beynəlxalq Musiqi Festivalı haqqında məlumat verib. Bildirilib ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olur. Qəbələ V Beynəlxalq musiqi festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilib.