Qəbələ rayonunda əmək yarmarkası keçirilib.
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununa, Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının 2020-ci il üçün təsdiq etdiyi “ Ərazi Məşğulluq Proqramı”na, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin qrafikinə uyğun olaraq rayon Məşğulluq Mərkəzinin təşkilatçılığı ilə 27 fevral 2020-ci il tarixdə işsiz və işaxtaran vətəndaşların səmərəli məşğulluğunu təmin etmək məqsədilə aktiv məşğulluq tədbiri olan əmək yarmarkası keçirilib. Yarmarkanı giriş sözü Rayon Məşğulluq Mərkəzinin direktoru Çingiz Əliyev açaraq ölkə başçısının həyata keçirdiyi sosial - iqtisadi siyasət nəticəsində Azərbaycan iqtisadiyyatının davamlı inkişafından və bu proseslərə Dövlət Məşğulluq Xidmətinin verdiyi töhfələrdən söz açıb. Diqqətə çatdırılıb ki, respublikanın bütün bölgələrində, o cümlədən Qəbələ rayonunda yeni yaradılan iş yerlərinin sayı artır. Bildirilib ki, bütün bunlar əhalinin məşğulluq imkanlarının artmasına xidmət edir. Toplantıda rayon icra hakimiyyəti başçısının müavini-, sosial – iqtisadi inkişafın təhlili və proqrozlaşdırılması şöbəsinin müdiri - yerli əlaqələndirmə komitəsinin sədri Arif Allahverdiyev və başqaları çıxış edərək əmək yarmarkasının keçirilməsinin bu günki əhəmiyyətindən, Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının işsiz əhalinin işlə təmin edilməsi, yoxsulluğun aradan qaldırılması sahəsində qarşıya qoyduğu vəzifələri diqqətə çatdırıblar. Daha sonra yarmarkanın işinə start verilib. Yarmarkada ümumilikdə 340 nəfər işaxtaran vətəndaş iştirak edib. Rayon ərazisində fəaliyyət göstərən 21 müəssisə və təşkilat üzrə işaxtaran vətəndaşlara 61 boş iş yeri təklif olunub. Yarmarkada işaxtaranların 25 nəfəri münasib işlərə göndəriş almış, 16 nəfəri peşə hazırlığına, 10 nəfəri ictimai işlərə, 37 nəfəri isə özünü məşgulluq proqramına cəlb olunmuşlar. Yarmarka günün ikinci yarısınadək davam edib.