Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı video-konfrans keçirmişdir.

16 aprel 2020 | 03:00

Aprelin 15-də Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev hüquq mühafizə orqanlarının, əlaqədar təşkilatların rəhbərlərinin və inzibati ərazi nümayəndələrinin  iştirakı ilə rayonda koronavirus pandemiyasına qarşı aparılan mübarizə tədbirləri ilə əlaqədar video-konfrans keçirmişdir. Müşavirədə Səbuhi Abdullayev Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hökuməti tərəfindən koronavirus pandemiyasına qarşı ölkəmizdə  aparılan qabaqlayıcı tədbirlər barədə konfrans iştirakçılarına ətraflı məlumat vermiş, həyata keçirilən tədbirlərin fonunda Qəbələ rayonunda bu sahədə görülmüş işləri geniş təhlil etmişdir. Rayon icra hakimiyyətinin başçısı çıxışında bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələri ilə əlaqədar əhali arasında müntəzəm olaraq geniş maarifləndirmə işləri aparılır və xüsusi karantin rejiminin tələblərinə riayət olunmasına aidiyyəti qurumlar tərəfindən ciddi nəzarət olunur. Tədbirdə qeyd olunmuşdur ki, Qəbələ şəhərində və rayonun yaşayış məntəqələrindəki küçələrdə, səkilərdə, parklarda və xiyabanlarda, ictimai yaşayış binalarında və onların həyətlərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır, sanitar-gigiyenik vəziyyət nəzarətdə saxlanılır. Rayonda yaşı 65-dən yuxarı olan kimsəsiz şəxslərin problemlərinin həlli rayon icra hakimiyyəti könüllülərinin, yerli icra nümayəndəliklərinin və bələdiyyə orqanlarının diqqət mərkəzində saxlanılır. Rayonumuzda yaşayan imkansız ailələrin siyahısı dəqiqləşdirilərək onlara müvafiq qurumlar və yerli iş adamları tərəfindən daimi olaraq zəruri ərzaq yardımları  göstərilir. Rayon icra hakimiyyətinin başçısı bildirmişdir ki, hazırda kənd təsərrüfatı sahəsində işlərin qızğın dövrü olduğuna görə bu sahədə çalışanlara aidiyyəti qurumlar tərəfindən  Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyə və tələblərinə uyğun yaz-tarla işləri ilə məşğul olmaq üçün şərait yaradılmalıdır. Çətinliklər olduğu zaman bu barədə RİH-də yaradılmış xüsusi qərargaha məlumat verilməlidir. Səbuhi Abdullayev sonda bir daha ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması istiqamətində dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışmış, vətəndaşlarımızın tətbiq edilən xüsusi qaydalara əməl etməsinin vacibliyini vurğulamışdır. RİH-nin başçısı bildirmişdir ki, ölkəmizin bu çətin sınaqdan tezliklə çıxması üçün Prezident cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə müvafiq dövlət qurumları tərəfindən qətiyyətli addımlar atılır. Video-konfransda iştirak edən  inzibati ərazi nümayəndələri yaşayış məntəqələrində xüsusi karantin tədbirləri ilə əlaqədar görülən işlər barədə məlumat vermişlər. Rayonun əlaqədar təşkilatlarının rəhbərləri koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və sosial təcridin nəzarətdə saxlanılması məqsədilə bütün karantin rejimində üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi və gücləndirilməsi istiqamətində səylərini artıracaqlarını bildirmişlər. Tədbirdə Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinin bundan sonra da ciddi şəkildə yerinə yetirilməsi üçün qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 

 

Keçidlər