Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı növbəti video-konfrans keçirmişdir.
İnzibati ərazi nümayəndələrinin iştirakı ilə keçirilən video müşavirədə rayonda koronavirus pandemiyasına qarşı həyata keçirilən tədbirlər, sanitar-profilaktik və dezinfeksiya işlərinin gedişi, həmçinin xüsusi karantin rejimində məhdudiyyətlərin bir qisminin yumşaldılması barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarından irəli gələn məsələlər müzakirə olunub. Müşavirəni giriş sözü ilə açan Qəbələ Rayon İçra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev koronavirus (COVID-19) infeksiyası ilə bağlı ölkədəki mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin 31 may 2020-ci il saat 00:00-dək uzadıldığını, eyni zamanda əhali arasında virusa yoluxma və xəstələrin sağalma dinamikası nəzərə alınmaqla tətbiq edilən bir sıra məhdudiyyətlərin yumşaldılması barədə qərar qəbul olunduğunu bildirib. Videomüşavirədəki çıxışında mövcud şəraitdə aparılan dezinfeksiya işlərinə və əhalini narahat edən digər məqamlara toxunan natiq özünütəcrid şəraitində qalan aztəminatlı ailələrə göndərilən ərzaq sovqatlarının çatdırılması məsələsinə də toxunub, proses zamanı şəffaflığın və çevikliyin tam təmin olunmasının zəruriliyini diqqətə çatdırıb. Sakinlərlə əlaqə saxlamaq, onların qayğıları və tələbləri ilə daha yaxından maraqlanmaq, vaxtında tədbirlər görmək, yerlərdə ictimai işlərdə çalışan şəxslərin fəaliyyətinə nəzarət etməyin vacibliyini vurğulayan rayon rəhbəri bu sahələrdə qanunazidd hallara yol verilməməsi ilə bağlı yerli icra nümayəndələri qarşısında ciddi vəzifələr qoyub. Onlayn müşavirədə yerli icra nümayəndələri pandemiya dövründə inzibati ərazilərdə görülmüş işlərlə bağlı hesabat veriblər. Müşavirədə RİH-nin başçısı rayon sakinlərini şəxsi gigiyenaya, tibbi-profilaktik qaydalara əməl etməyə, yalnız zəruri hallarda evdən çıxmağa, ictimai yerlərdə digər şəxslərlə minimum kontaktda olmağa, dövlət tərəfindən həyata keçirilən tədbirlərə yaxından dəstək göstərməyə çağırıb, Operativ Qərargahın bütün qərarlarının icrası ilə bağlı onlara öz tapşırıq və tövsiyələrini verib.