Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatdı

08 avqust 2013 | 09:00

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Qəbələ V Beynəlxalq Musiqi Festivalı başa çatıb. Avqustun 6-da festivalın son konsertləri keçirilib. Konsertdə Brüssel Kamera Orkestrinin baş dirijoru, “Arriaqa” simli kvartetinin və “Michael Guttman Tango Quartet”in rəhbəri, dünya şöhrətli belçikalı skripka ifaçısı Mixayıl Qutman və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə məşhur bəstəkar Fransis Pulenkin skripka və piano üçün sonatasını təqdim ediblər. Daha sonra müxtəlif nüfuzlu festivalların iştirakçısı, beynəlxalq müsabiqələr laureatı, tanınmış rusiyalı pianoçu Evelina Berezovskaya bəstəkar Robert Şumanın “Davidsbundler rəqsləri”ni ifa edib. Kamera musiqisi axşamında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və skripkaçı Mixayıl Qutmanın ifalarında təqdim olunan Qara Qarayevin skripka və piano üçün sonatası tamaşaçılar tərəfindən hərarətlə qarşılanıb.Həmin gün axşam  möhtəşəm incəsənət bayramının bağlanış mərasimində festivalın bədii rəhbərlərindən biri, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Xalq Artisti Fərhad Bədəlbəyli və Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov çıxış edərək on dörd gün ərzində Azərbaycanın dilbər guşələrindən biri olan Qəbələdə əsl musiqi bayramının yaşandığını vurğulayıblar. Festival çərçivəsində kamera musiqisi və klassik musiqi axşamları, muğam konserti keçirilib. Sonra “Yeni Rusiya” Dövlət Simfonik Orkestrinin maraqlı konsert proqramı təqdim edilib. ABŞ və Rusiyanın dünya şöhrətli məşhur violonçel ifaçısı, festivalın bədii rəhbərlərindən biri Dmitri Yablonskinin dirijorluğu ilə baş tutan konsertdə məşhur rusiyalı pianoçu Boris Berezovski, nüfuzlu “Reine Elizabeth Concours” müsabiqəsinin ən gənc qalibi, tanınmış skripkaçı Vadim Repin çıxış ediblər. Musiqiçilər bəstəkar Dmitri Şostakoviçin “Bayram uvertürası”nı, Edvard Qriqin fortepiano və orkestr üçün konsertini təqdim ediblər.

Keçidlər