Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən aparılan dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən islahatlar intensiv davam etdirilməkdədir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2018-ci ildə başlanmış və dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən hüquqi, institsional və kadr islahatları 2019-cu ilin sonlarına doğru daha geniş vüsət almış, 2020-ci ildə müvəffəqiyyətlə davam etdirilir. Aparılan islahatların əsas xətlərindən birini korrupsiya ilə mübarizənin daha da sərtləşdirilməsi və vətəndaş məmur münasibətlərinin daha sağlam prinsiplər üzərində qurulması təşkil edir. Lakin bu sahədə əldə edilmiş uğurlar, dövlət qulluqçularının şəffaf fəaliyyəti, vətəndaşlarla yaradılan səmimi münasibətlərlə yanaşı xoşagəlməyən hallar da müşahidə olunur. Bu cür neqativ hallara yol verməməklə bağlı xəbərdarlıqlara baxmayaraq tutduğu vəzifədən sui istifadə edənlər təəssüf ki hələ də var. Bu da ifşa olunan bir sıra vəzifəli şəxslərin aqibətindən nəticə çıxarmayan, işlərində dönüş yaratmayan şəxslər barədə qanunvericiliyə uyğun cinayət-hüquqi tədbirlərin görülməsini qaçılmaz etmişdir. Ölkə Prezidentinin son illərdə apardığı kadr islahatları, gənc mütəxəssislərə güvənərək məsul vəzifələrə təyin etməsi və onlarla keçirdiyi söhbətlərin birbaşa efirdə yayımlanması, onlara verdiyi tapşırıqlar gəncləri daha böyük həvəslə işləməyə sövq edir. Və bu cür təyinatlar cəmiyyət tərəfindən birmənalı şəkildə razılıqla qarşılanır. Kadr islahatları ilə yanaşı Prezidentimiz tərəfindən korrupsiyaya qarşı da gərgin mübarizə aparılır. Bu günlərdə ölkə Prezidenti Azərbaycanın yeni baş prokuroru ilə söhbətində də bu məsələyə toxunaraq ölkədə korrupsiyaya qarşı amansız mübarizə aparılmasını xüsusilə tapşırıb. Çirkin əməllərə yol verən, insanlardan rüşvət almaqla yalan vədlər verən, işini günün tələbləri səviyyəsində qurmaqdansa pul yığmaqla məşğul olan hər bir məmur vaxtında cəzalanmalıdır. Bu xalqın sözüdür. Inkişaf edən Azərbaycanda hər kəs öz işində bu inkişafa dəstək durmalı, öz töhfəsini verməlidir. Vəzifəyə təyin olunmaq o demək deyil ki, sən artıq istədiyini edə bilərsən. Sərəncamında olan məmurlara, həmçinin vətəndaşlara hörmət etməli, işinə vicdanla yanaşmalısan. Başqa yol yoxdur. Təəssüf ki, bəzi məmurlar işlərində dönüş yaratmırlar. Mayın 8-də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bəzi məmurlarının da işlərindəki nöqsanlar, öz səlahiyyətlərindən qəsdən qulluq mənafelərinə zidd istifadə halları müəyyən edilmişdir. Qəbələ rayon ictimaiyyəti də bu cür neqativ halları pisləyir, ölkə Prezidentinin son illərdə vətəndaşların sosial rifah halının yaxşılaşdırılması ilə bağlı imzaladığı sərəncamlara əsasən göstərilən dövlət qayğısını təqdir edir və inanır ki, bu cür addımlar davamlı olacaq. Çünki, inkişaf yolunda inamla addımlayan Azərbaycanın qətiyyətli və cəsarətli Prezidenti İlham Əliyev xalqa inanır, güvənir və qayğı ilə yanaşır. Xalqımız da cənab Prezidentin yürütdüyü siyasəti dəstəkləyir və biz də bir vətəndaş olaraq üzərimizə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışırıq.
Zöhrə Mirzəyeva
əməkdar müəllim