Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin həyata keçirdiyi “Könüllü Donor” aksiyasına Qəbələ könüllüləri də qoşulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın çağırışlarına cavab olaraq, Azərbaycanda fəaliyyət göstərən könüllü təşkilatları və hərəkatları tərəfindən yaradılmış Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi (AKƏM) öz fəaliyyətini davam etdirməkdədir.
AKƏM çərçivəsində həyata keçirilən layihələrdən biri ölkədə qan qıtlığı səbəbindən talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən, təcili əməliyyata və bununla əlaqədar qana ehtiyacı olan şəxslərin həyatı üçün yaranan təhlükənin aradan qaldırılmasında könüllülərin iştirakı ilə bağlı olmuşdur. 8 aprel tarixində start verilmiş Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi Milli Hematologiya və Transfuziologiya Mərkəzi – Qan Bankı ilə birlikdə “Könüllü Donor” aksiyasına cavab olaraq 25 aprel tarixində Qəbələ Müalicə Diaqnostika Mərkəzində qanvermə aksiyası təşkil edilmişdir. Qəbələ ictimaiyyəti, idarə, müəssisə və təşkilatların könüllüləri bu xeyriyyə aksiyasında könüllü olaraq iştirak etmişdir. Xüsusi karantin rejimində təşkil edilmiş aksiyada könüllü donorlar tibbi müayinədən keçirilərək qan vermişlər.
Azərbaycan xalqının hər zaman birlik və həmrəylik nümayiş etdirərək bir-birinə kömək etməyə hazır olması, əl-ələ verərək çətinlik və sınaqlardan birlikdə üzüağ çıxması bizim ən gözəl xüsusiyyətlərimizdən biridir.
Şəfqət, mərhəmət, humanizm, səxavət, xoş əməllər etmək, köməyə ehtiyacı olanın yanında olmaq kimi keyfiyyətlər həmişə bizim ən mühüm həyati dəyərlərimiz olmuşdur və bu gün də belədir. Bütün dünyanı sarsıtmış koronavirus pandemiyası ilə bağlı ölkəmizdə xüsusi karantin rejiminin tətbiq olunduğu bir vaxtda xalqımızın həmrəy olmaq, insansevərlik nümayiş etdirmək, diqqət və qayğı göstərmək bacarığı hər birimizə ancaq qürur hissi yaşadır. İrsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara dəstək olmaq hər bir Azərbaycan vətəndaşının borcudur.
Birinci vitse-prezident Mehriban xanım Əliyeva qanvermə aksiyasında könüllü olaraq iştirak edənlərə təşəkkür edərək demişdir: “Siz bu nəcib əməlinizlə bir insan həyatının xilaskarı olursunuz. Bu, ən yüksək qiymətə layiqdir! Əminəm ki, sizin təşəbbüsünüz bu məsələyə laqeyd yanaşmayan və ölkəmizin yaxşılıq etməyə hazır olan bütün vətəndaşları tərəfindən dəstəklənəcəkdir! Çox sağ olun!”