Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Ermənistanda iqtidar-müxalifət münasibətləri pik həddə çatıb.

21 iyun 2020 | 04:00

Ermənistan bir tərəfdən koronavirus pandemiyasının, bir tərəfdən də baş nazir Nikol Paşinyanın rəqiblərinə qarşı həyata keçirdiyi zorakılıqların əlində qalıb. Nikol Paşinyan koronavirus pandemiyası dövründə vətəndaşların sosial-iqtisadi problemlərini həll etməkdə ciddi çətinliklərlə qarşılaşır, xəstəliyin yoluxma sayının artmasının qarşısını ala bilməməsi səbəbilə iqtidar sürətlə sosial dayaqlarını itirir. Parlamentin oliqarx Qaqik Çarukyanın deputat toxunulmazlığının götürülməsi barədə qərarı ölkədə şok effekti doğurub.  Erməni mətbuatı Nikol Paşinyanın aqoniya vəziyyətində olduğunu iddia edir, bunun əsas səbəbini isə parlament müxalifətin, xüsusilə də “Çiçəklənən Ermənistan” Partiyasının açıq şəkildə hökumətin tam tərkibdə istefasını tələb etməsi göstərilir. Parlamentdə çoxluğa malik olan Baş nazir Nikol Paşinyanın "Mənim addımım” bloku "Çiçəklənən Ermənistan” Partiyasının rəhbəri və eyniadlı fraksiyanın lideri Qaqik Çarukyanın deputat toxunulmazlığından məhrum edilməsinə və həbsinə icazə verilməsinə dair baş prokurorun təqdim etdiyi vəsatətlərin lehinə səs verib. "Təəssüf edirəm ki, demokratik dəyərlərin bərpası, söz və ifadə azadlığına hörmət şüarları ilə gələn əksəriyyət, siyasi müxalifləri susdurmağa çalışır. Bu, səhv yoldur və Ermənistanı iflasa aparır”, - deyə fraksiyanın deputatı Arman Abovyan bildirib. O, "Mənim addımım” blokundan olan həmkarlarının çoxunun bu qanunsuz səsvermənin əleyhinə olduğuna inandığını əlavə edib: "Ermənistanın diktaturaya çevrilməsi üçün resursları yoxdur. Biz həqiqi demokratik dəyərlər, vətəndaşların sosial, iqtisadi və siyasi hüquqları uğrunda mübarizə aparacağıq”. Abovyan Çarukyanın toxunulmazlığından məhrum edilməsinə dair səsvermənin siyasi repressiyadan başqa bir şey olmadığını deyib. Onun sözlərinə görə, beynəlxalq ictimaiyyət məsələni yaxından izləyir. Erməni parlamentində təmsil olunan azsaylı deputatlar "Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Qaqik Çarukyanın parlament toxunulmazlığından məhrum edilməsinə cavab olaraq qanunverici orqanın  iclasını boykot edərək zaldan çıxıblar. Paşinyan dövlət pulu ilə komanda yoldaşlarını satın alır, mükafatlar paylayır, Çarukyana hücum isə özəl sektorun ələ keçirilməsidir. Hakimiyyət iddia edir ki, Ermənistanda mülkiyyət, xüsusən də iri kapital qanunsuz yolla əldə edilib. Korrupsiyaya qarşı mübarizə adı altında mülkiyyətin yenidən bölgüsü aparılır. Kapital əldə etmək üçün baş nazir ictimai təlatümlərə gedir. Pandemiya ilə bağlı ortaya çıxan çoxsaylı sosial-iqtisadi çağırışlar, Çarukyanın müxalifətin birləşməsi prosesində iştirakı hakim komandada narazılıq yaratmaya bilməzdi. Halbuki, inqilab vaxtı Çarukyanın partiyası Paşinyanı müdafiə edirdi. Bəllidir ki, inqilab öz övladlarını  yeyir və biz bu prosesi görürük. Ermənistanın siyasi səhnəsini öz rəqiblərindən tam şəkildə təmizləmək Paşinyana qismət olmayacaq. Baş nazirə qarşı korrupsiya ittihamları, Koronavirus pandemiyası Ermənistan hakimiyyətini böhranlı bir duruma salıb. İndi hər kəs - sıravi vətəndaşdan tutmuş, partiya sədri, media rəhbəri, deputata qədər "inqilabçı hakimiyyət”i ən xırda problemlərin öhdəsindən belə gələ bilməməkdə ittiham etməkdədir. Vəziyyət o həddə çatıb ki, bir vaxtlar Nikol Paşinyanla ən yaxın müttəfiqlik münasibətlərində olan qüvvələr belə ondan üz döndərir. Paşinyanla "Çiçəklənən Ermənistan” Partiyası arasında qarşıdurma pik həddə çatıb. Bir vaxtlar Baş nazirlə yaxın münasibətləri olan Qaqik Çarukyan və tərəfdarları baş naziri istefaya getməklə yanaşı, korrupsiyada, cah-cəlallı həyat tərzi sürməkdə ittiham etməkdədir. Bildirilir ki, Qaqik Çarukyanın məşhur çıxışından sonra hakimiyyətlə "Çiçəklənən Ermənistan” arasında "söz davası” səngimir. Qaqik Çarukyanın bəyanatı, hakim "Mənim addımım” blokunun nümayəndələrini ruh düşkünlüyünə gətirib çıxarıb. Erməni kütləvi informasiya vasitələrinin yaydıqları məlumata görə, Çarukyanla telefonla danışan Baş nazir, onu, hansısa bir addım atacağı təqdirdə, onları məhv edəcəyi ilə hədələyib. Lakin "Çiçəklənən Ermənistan” Partiyasının nümayəndələri geri çəkilmək fikrində deyillər. Onlar hakimiyyətə əks zərbələr endirməkdə davam edirlər.  15 iyunda Çarukyan bəyanat verərək hər şeyə hazır olduğunu, hökumətin xüsusi göstərişi ilə ona qarşı təzyiqlərin başladığını, bununla pandemiya dövründə hökumətin bacarıqsızlığını gizlətməyə, xəstəliyə yoluxan on minlərlə insanın, yüzlərlə ölənlərin məsuliyyətini ört-basdır etməyə çalışdığını bildirib. Çarukyanın 2-3 aydan sonra ölkədə aclıq təhlükəsinin baş verə biləcəyini vurğulaması isə ciddi rezonans doğurub. Nikol Paşinyanın həmləsinə Çarukyanın cavabı gecikmədi, Çiçəklənən Ermənistan Partiyasının parlament fraksiyası   və tərəfdaşları 15 iyunda Təhlükəsizlik Xidmətinin binası qarşısına gələrək mitinq keçirib, “Paşinyan get!”, “Çarukyan Baş nazir!” şüarlarını səsləndirib. Mətbuat qeyd edir ki, bu mitinqdə aralarında deputatların da olduğu 90 nəfər saxlanılıb. Çarukyanın milyardlarla dramı humanitar yardım adı ilə mənimsədiyini, büdcəyə vergi ödəmədiyini, təqaüdçülərin və gənclərin haqqını pozduğunu vurğulayan Paşinyan, Baş Prokurordan bu xəbərləri ciddi araşdırmağı, lazım olan hər şeyi etməsini və ictimaiyyətə məlumat  verməsini tələb edib. Nikol Paşinyan hökuməti Çarukyana qarşı hüquq çərçivəsində hərəkət etdiklərini bildirsə də, bir çox siyasi partiyalar bunun siyasi məqsəd daşıdığını və onu zərərsizləşdirmək üçün inzibati mexanizmlərdən istifadə edildiyini bildirirlər. Paşinyanın Çarukyan haqqında ifadə etdiyi sözlər Ermənistan müstəqilliyini elan etdikdən hazırkı vaxta qədər Baş nazir səviyyəsində müxalifət liderinə bu cür açıq və qəti meydan oxuması və təhqir etməsi baxımından ilkdir. Halbuki, hadisələr zamanı insanların ifadə azadlığı, azad toplaşma hüququ, hüquq-mühafizə orqanları tərəfindən lüzumsuz yerə güc tətbiq olunmaması, KİV-in sərbəst fəaliyyətinə imkan yaradılması və s. kimi Qərbin “önəm verdiyi” bütün dəyərlər ayaq altına salınıb. Sual yaranır, Qərb niyə susur? ABŞ Dövlət Departamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT-in Media Azadlığı üzrə nümayəndəsi, ABŞ-ın Ermənistandakı səfiri, Qərb ölkələrinin Ermənistandakı səfirlikləri özlərini elə aparırlar ki, sanki heç nə baş verməyib. Hələlik Avropa və ABŞ-dan məsələ ilə bağlı hər hansı mövqedən fikir bildirilməsə də, hadisələrin daha da gərginləşəcəyi ehtimal edilən önümüzdəki günlərdə səssiz qalmayacaqları gözlənilir. Olduqca kövrək olan Ermənistan daxili siyasəti bu gərginliyə tab gətirməyə bilər.

Keçidlər