20 Yanvar həqiqətlərinə Ümummilli Lider Heydər Əliyev tərəfindən əsil qiymət verilmişdir
Qəbələ Rayon İcra Hakimiyyətinin və rayon gənclər və idman idarəsinin təşkilatçılığı, Qəbələ Rayonu üzrə Təhsil Sektorunun iştirakı ilə “20 yanvar faciəsinin otuz üçüncü ildönümü” ilə əlaqədar 18 yanvar 2023-cü il tarixdə Qəbələ Heydər Əliyev Mərkəzində “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilmişdir. Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 yanvar şəhidlərinin və torpaqlarımızın azad edilməsi uğrunda şəhadətə yüksəlmiş bütün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılmışdır. Tədbiri giriş sözü ilə İdarənin rəisi Fəxri Soltanov açaraq bildirdi ki, 1990-cı ilin Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin gecədə həlak olan vətəndaşlarımız Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Daha sonra Fəxri Soltanov “20 yanvar faciəsi”nin baş vermə səbəbləri haqqında məlumat verərək, bu faciəni doğuran o vaxtkı ictimai-siyasi hadisələr haqqında danışaraq həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan Ümummilli Lider Heydər Əliyevin Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək öz etirazını bildirməsi və bu faciəyə Heydər Əliyev hakimiyyətə gəldikdən sonra hüquqi siyasi qiymət verildiyi haqda məlumat verdi.Çıxış edənlər Azərbaycan xalqının milli azadlıq mübarizəsini boğmaq məqsədilə dinc əhalimizə qarşı törədilmiş amansız və dəhşətli qətliamın müxtəlif aspektlərindən bəhs edərək 20 Yanvar hadisələrinin törədilməsində əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olduğunu bildirmişlər.