Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi kimi epidemiyadan qurtuluş qlobal həmrəyliyi diktə edir.
Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. Artıq Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının təşkil olunması təşəbbüsü reallığa çevrilir. Azərbaycan Prezidenti bu təklifi 2 ay öncə, mayın 4-də Qoşulmama Hərəkatının "COVID-19-a qarşı birlikdəyik” mövzusundakı Zirvə görüşü zamanı irəli sürmüşdü. Cənab İlham Əliyevin bu təşəbbüsünə qısa zamanda 130-a qədər ölkə dəstək verərək, BMT Baş katibinin ofisini məlumatlandırmışdı. İyulun 8-də isə dövlət başçısı ilə Antonio Quterreş arasındakı telefon danışığı zamanı Baş katib bu təşəbbüsə tam dəstəyini nümayiş etdirdi. Aylardır qlobal pandemiya ilə mübarizədə aciz durumda qalan dünya dövlətləri böhran şəraitindən qurtula bilmir. Koronavirusun cəmiyyətlər üzərindəki dağıdıcı təsiri və iqtisadiyyatın, ticarətin ciddi şəkildə tənəzzülü aydın şəkildə görünməkdədir. Bütün bunlar mövcud problemi getdikcə daha da dərinləşdirir. Mütəxəssislər hesab edirlər ki, qlobal problemdən qurtulmaq bir sıra şərtləri diktə edir və onlardan biri də virusla mübarizədə beynəlxalq həmrəylikdir. BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var. Ona görə də, bu təşəbbüs müzakirə obyekti deyil. Müzakirə mövzusu odur ki, bu təşəbbüs Azərbaycan və onun Prezidenti tərəfindən irəli sürülüb. Sual oluna bilər ki, bu təşəbbüsü başqa ölkələr də edə bilməzdimi? Axı böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının üzvləri, inkişaf etmiş ölkələr var. Bütün bunları təhlil edərək təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlarda böhran, ölkələrdə özünə qapanma var. Belə bir zamanda Azərbaycan Prezidentinin təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq edirlər. Qlobal pandemiyanın uzaq Çindən yayılaraq dünyanı çənginə almağa başladığı dövrdə ölkə daxilində qabaqlayıcı tədbirlər görən, mühüm qərarlar qəbul edən Azərbaycan Prezidenti koronavirusun qarşısının alınmasında yalnız yerli nümunələr yaratmaqla kifayətlənmədi. Həm Qoşulmama Hərəkatı, həm də Türk Şurasına rəhbərlik edən Azərbaycan Prezidenti cənab İlham Əliyev epidemiyaya qarşı qlobal həmrəyliyin, beynəlxalq əməkdaşlığın artırılması ilə bağlı dünya dövlətlərinə çağırışlar etdi. Prezident videokonfrans formatlı bütün görüşlərində bu xoşməramlı, humanist təşəbbüsü bir daha irəli sürdü və bu mühüm sessiyanın keçirilməsi ilə əlaqədar texniki-logistik məsələlərin həllində Azərbaycanın öz töhfəsini verməyə hazır olduğunu bildirdi. Əvvəlcə onu qeyd edək ki, 130 dövlətin cənab İlham Əliyevin təşəbbüsünə dəstək nümayiş etdirməsi Azərbaycan Prezidentinə olan inamın, etibarın və etimadın göstəricisi kimi dəyərləndirilməlidir. Həmçinin beynəlxalq təşkilatların rəhbərləri tərəfindən pandemiya ilə mübarizəyə ciddi əməli töhfələr verdiyinə görə Azərbaycan Prezidentinin fəaliyyətinin təqdir olunması, ünvanına çoxsaylı təşəkkürlər bildirilməsi ölkəmizin və onun liderinin beynəlxalq arenada yüksək nüfuzunun növbəti əyani göstəricisidir. Telefon danışığı əsnasında Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə Baş katibin və BMT-nin səylərini, o cümlədən çoxtərəfli əməkdaşlığı dəstəklədiyini vurğulayan dövlət başçısı Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar məbləğində ianə, 30-dan çox ölkəyə isə humanitar və maliyyə yardımı ayırdığını xatırlatdı. Prezident həmçinin BMT Baş Assambleyasının COVID-19-a həsr olunmuş xüsusi sessiyasının çağırılmasında Baş katibin liderliyinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı. Pandemiyaya qarşı mübarizə və Azərbaycan Prezidentinin təşəbbüsü humanitar məsələdir. Azərbaycan dünyanı narahat edən humanitar məsələ ilə bağlı mühüm təşəbbüs irəli sürüb. Yəni, Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt nahaq addımlar ata bilməz. Bunun əksini iddia edənlər isə ölkəmizə qarşı qərəzli münasibətdə olanlardır. Ona görə də, bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində hörmətimizi çox gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir. Bütün bunlar Qarabağ məsələsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə isə, cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir. Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur. İşğalçı Ermənistan çalışdı ki, Azərbaycanın xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Amma bacara bilmədi. Bununla da, özü özünü ifşa etdi. Eyni zamanda, xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki Ermənistan heç vaxt dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur. Ermənistan monoetnik ölkədir. O, beynəlxalq münasibətlər səviyyəsində özünü pandemiya ilə beynəlxalq mübarizədən təcrid etdi. Azərbaycan Prezidenti İlham Əliyev mühüm beynəlxalq platformalarda işğalçı Ermənistanı daim ifşa edir. Valday, Münxen və digər beynəlxalq tədbirlərdə baş verənlər bunu bir daha təsdiqləyir.