Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Sərhədlərimizdə törədilən təxribatlara baxmayaraq qələbə bizimdir, bizim olacaq. Biz mütləq qalib gələcəyik.

16 iyul 2020 | 03:00

Azərbaycanın dünyada nüfuzunun artması, beynəlxalq mövqelərinin daha da güclənməsi mənfur Ermənistanda qısqanclıq yaradır və onu ciddi narahat edir. Ölkəmizin diplomatik uğurları, Prezidentimizin  irəli sürdüyü təşəbbüslərin beynəlxalq  arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş əks-səda  doğurması,  Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi Azərbaycanı istəməyən xarici qüvvələri xüsusilə Ermənistanı ciddi narahat edir. Prezident İlham Əliyevin Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında, Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında, Münhen Təhlükəsizlik Konfransında Ermənistanın işğalçılıq siyasətini və faşist simasını ifşa etməsi, dünyanın aparıcı beynəlxalq qurumlarının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli qərarlar qəbul etməsi xarici ermənipərəst dairələri və Ermənistan hakimiyyətini ciddi problemlər qarşısında qoyaraq , onların iç  üzlərini açdı və bütün dünyaya tanıtdı. 2020-ci il İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti dəfə təxribata əl ataraq Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətindəki mövqelərimizi ələ keçirtməyə, artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib. Təəssüflər olsun ki, bütün dünyada koronavirus pandemiyası tüğyan etdiyi bir zamanda  mənfur düşmənlər yenə də öz çirkin əməllərindən əl çəkmədi.  Lakin Azərbaycan Silahlı Qüvvələri düşmənin layiqli cavabını verdi, bundan sonra da verəcək.  Ordumuz düşmənlə üz-üzə ağır əməliyyatlar aparır. Ordumuz güclüdür, ən müasir silahlarla təmin olunub, döyüş əhval-ruhiyyəsi yüksək səviyyədədir. Hamımız bunu böyük ruh yüksəkliyi ilə izləyirik. Azərbaycan silahlı qüvvələri operativ vəziyyətə nəzarət edərək, Ermənistanın təxribatlarına sərt formada cavab verir və verəcəkdir. Bu gün Azərbaycan güclü orduya malikdir.  Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir. Biz 2016-cı ilin aprel döyüşlərində bunun şahidi olduq. Prezident İlham Əliyevin bu təxribata cavabı qəti oldu: "Biz düşmənə yenidən öz yerini göstərəcəyik". Azərbaycanın Müdafiə Nazirliyi tərəfindən yayılmış videolarda cavab olaraq düşmən mövqelərinə güclü zərbə endirilməsi ilə qarşı tərəfin xeyli sayda  canlı qüvvəsi və texnikası məhv edildiyi görünür.   Yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür. Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətini və sərhəddə törətdiyi təxribat əməllərini kəskin şəkildə pisləməlidir. Bu gün hər bir Azərbaycan vətəndaşı dərk edir ki, hazırki mürəkkəb tarixi şəraitdə ölkəmizin ərazi bütövlüyünün bərpası məsələsində arxalana biləcəyimiz yeganə güc məhz Azərbaycan Ordusudur. Ordumuz güclüdür və hər zaman güclü olacaqdır. Onun gücü ilk növbədə Ali Baş Komandanı, zabit və əsgərindədir. Tovuz istiqamətində gedən döyüşlərdə əldə etdiyimiz zəfərlər növbəti zəfərlərə yol açacaq. Ali Baş Komandanın vurğuladığı kimi , müharibə hələ başa çatmayıb. Tezliklə müzəffər qələbələrimizlə  Ana Vətəni  şərəf və qürur yerinə çevirməliyik. Bunu şəhidlərimizin müqəddəs ruhu tələb edir. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Müharibənin döyüş hissəsini ordu aparır. Biz hamımız bir əsgər kimi bunun ideoloji tərəfini aparmalıyıq. Həssas olub, dövlətin rəsmi mövqelərini müdafiə etməliyik. İnanırıq ki,  biz mütləq qalib gələcəyik.

 

Kəmalə Qasımova

Qəbələ rayon Heydər Əliyev Mərkəzinin direktoru əvəzi

Keçidlər