Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 24)205-01-02 : 205-19-55

Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

16 iyul 2020 | 13:00

2020-ci il iyulun 12-də Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə dövlət sərhədinin Tovuz rayonu istiqamətində Azərbaycan silahlı qüvvələrinin mövqelərinə hücum etməsi təcavüzdür, güc tətbiq etmək aktıdır və növbəti təxribatdır. Ermənistan hərbi bölmələrinin Azərbaycan-Ermənistan sərhəddində növbəti təxribatı Ermənistan hakimiyyətinin həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Azərbaycanın beynəlxalq mövqelərinin daha da güclənməsi, ölkəmizin diplomatik uğurları, dövlət başçımızın irəli sürdüyü təşəbbüslərin beynəlxalq arenada əsaslı şəkildə dəstəklənməsi, o cümlədən ölkəmizin sədrlik etdiyi Qoşulmama Hərəkatının Zirvə toplantısının geniş rezonans doğurması, Azərbaycanın təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi iclasının keçirilməsi barədə qərar qəbul edilməsi erməni lobbisini, xarici ermənipərəst dairələri, Azərbaycanı istəməyən xarici qüvvələri ciddi narahat edir. Həmin qüvvələr Azərbaycanı zəiflətmək üçün hərbi təxribatlara əl atırlar. Ermənistan hakimiyyəti aranı qatmaq üçün müxtəlif cəhdlər edir.  Növbəti təxribatla o, həm beynəlxalq ictimaiyyətin diqqətini aktual məsələlərdən yayındıraraq fərqli istiqamətə yönəltmək, həm də ölkə daxilində müşahidə olunan ciddi gərginliyi azaltmaq məqsədi güdür. Nikol Paşinyan daxildə xalqın get-gedə ondan üz döndərdiyinin və xalqın problemlərini həll etmək imkanından məhrum durumda olmasının fərqindədir. Azərbaycanla sərhəddə hərbi təxribat törətməklə xalqın diqqətini daxili problemlərdən yayındırmaq istəyir. Ciddi sosial-iqtisadi problemlər, korrupsiya, koronavirusla mübarizə sahəsində saysız-hesabsız problemlər, insan hüquq və azadlıqlarının boğulması, siyasi opponentlərə, azad sözə qarşı repressiyaların tətbiq edilməsi Paşinyan hakimiyyətini çox mürəkkəb duruma salıb. Azərbaycanla sərhəddə təxribat Paşinyan hakimiyyətinə xarici düşmən mövzusunu qabartmağa və öz səriştəsiz idarəçiliyinin yaratdığı problemləri gündəmdən çıxartmağa hesablanıb. Paşinyan hesab edir ki, xarici təhlükə qarşılığında cəmiyyəti ələ almaq, müxalifəti tərk-silah etmək və hakimiyyətə qarşı formalaşan ciddi təhlükəni aradan qaldırmaq mümkün olacaq. Lakin yanılır. Necə ki, 2016-cı ilin aprelində Ermənistanın hücumunun Azərbaycan Ordusu tərəfindəın darmadağın olunması və Ermənistan ordusuna sarsıdıcı zərbə endirilməsi Serj Sərkisyan hakimiyyətini laxlatdı və az sonra dağıtdı, indi də Paşinyan iqtidarı bu taleni yaşayacaqdır. Hazırda Ermənistanda vəziyyət olduqca mürəkkəbdir, hakimiyyətə qarşı müxalifətin vahid cəbhədə birləşməsi prosesi gedir. Paşinyanın belə təxribatlarla problemi aradan qaldırmaq cəhdlərinin hər hansı nəticə verəcəyini düşünmək üçün heç bir əsas yoxdur. Hərbi təxribatlar onun hakimiyyətinin sonunu daha da yaxınlaşdırır. Növbəti dəfə uğursuzluqla üzləşən Ermənistan hakimiyyəti indi də məsələnin mahiyyətini gizlətməyə, yalan məlumatlarla beynəlxalq və yerli ictimaiyyəti çaşdırmağa çalışır. Ermənistan hakimiyyətinin uydurmaları, Tovuz istiqamətində ölənlər haqqında məlumatları gizlətməsi Ermənistan ictimaiyyətində ciddi narazılıq doğurub. Artıq Ermənistanda etiraz aksiyalarına başlanılıb, fəallar sosial şəbəkələrdə Ermənistan hakimiyyətini ciddi tənqid edirlər. Paşinyan erməni əsgərlərini öz siyasi məqsədləri üçün qırğına verməkdə günahlandırılır. Paşinyan hakimiyyəti xalqı sakitləşdirmək üçün növbəti yalanı xalqa sırımağa çalışır. Guya Azərbaycanın hərbi bölmələrinin mövqeyini ələ keçirdikləri barədə yalanı tirajlayırlar. Ermənistan hakimiyyətinin guya Azərbaycan hərbi bölmələrinin mövqeyini ələ keçirməsi, yeni yüksəkliklər əldə etməsi barədə iddialar yalan və dezinformasiyadan başqa bir şey deyil. Hətta bu ölkənin ictimaiyyəti, fəal sosial şəbəkə istifadəçiləri belə bu kimi iddiaları ironiya ilə qarşılayırlar. Artıq Paşinyanın yalanlarına inanmırlar. Ciddi sosial-iqtisadi böhran, korrupsiya, koronavirusla mübarizə istiqamətində çoxsaylı problemlər, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki böyük nöqsanlar Paşinyan hakimiyyətinin bu cür təxribat xarakterli addımlarla, o cümlədən bu il işğal edilmiş ərazilərdəki qondarma  “seçkilər” vasitəsilə özünə vaxt qazanmasını tamamilə qeyri-mümkün etdi. 12 iyul təxribatı isə erməni baş nazirin özünü doğrultmayan son ümidi adlandırıla bilər. Regionun üzərində damokl qılıncı kimi dayanan genişmiqyaslı hərbi əməliyyatlar hər növbəti gün daha da real təhlükə xarakteri alır. Təhlükənin aradan qaldırılmasının yeganə effektiv üsulu isə hər kəsə məlumdur – Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllinin təmin olunması, işğalçı qoşunların qeyri-şərtsiz və tamamilə Azərbaycanın ərazisindən çıxarılmalıdır. ATƏT-in Minsk qrupunun həmsədr ölkələri də bu reallığı qəbul edərək işğalçı Ermənistana eyni çağırışla müraciət etməlidir. Bu gün yenə də ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrinin tərəfləri atəşkəsə əməl etməyə səsləməsi növbəti mənasız  və “dişsiz” bəyanatdan başqa bir şey deyildir və bu bəyanat Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsinə və işğala son qoyulmasına xidmət etmir. Ona görə də bundan sonrakı hadisələrin bütün məsuliyyəti işğalçı Ermənistanın və onun havadarlarının üzərində qalır. İyulun 12-də baş vermiş hadisə Azərbaycan ictimaiyyəti tərəfindən hiddətlə qarşılanıb. Sosial şəbəkələrdə hərbi əməliyyatlara başlamaq, sıravi vətəndaşların toplanaraq cəbhə bölgəsinə getmək, silaha sarılaraq torpaqlarımızı işğaldan azad etmək kimi çağırışlar səslənməkdədir. Bu, Azərbaycan cəmiyyətində vətənpərvərlik hissinin yüksək səviyyədə olduğunu nümayiş etdirir. Lakin indi 1990-cı illərin əvvəlləri deyil ki, nizami ordu olmadığına görə vətəndaşlar öz gücünə torpaqlarımızı müdafiə etmək məcburiyyətində qalsınlar. Bu gün Azərbaycanın müasir silahlarla, texnika ilə təchiz edilmiş güclü nizami ordusu var. Bu ordu düşmənin istənilən təxribatına cavab verməyə və torpaqlarımızı azad etməyə qadirdir. Ordumuza güvənirik. Arzuolunmaz xaotik təşəbbüslər yalnız düşmənlərimizi sevindirə, ölkəmiz, silahlı qüvvələrimiz haqqında uydurmalarını daha da genişləndirməyə imkan yarada bilər. Buna görə də bəzi sosial şəbəkə istifadəçilərinin silaha sarılmaq və cəbhə bölgəsinə getmək çağırışları, ayrı-ayrı şəxslərin cəbhə xəttinə yürüş təşkil etmək cəhdləri yolverilməz və qəbulolunmazdır. Bu gün Azərbaycan güclü orduya malikdir və Azərbaycan Ordusu Ali Baş Komandanın əmri ilə qarşısına qoyulan istənilən vəzifəni yerinə yetirməyə, o cümlədən torpaqlarımızı işğaldan azad etməyə hazırdır və buna qadirdir.

Keçidlər