Azərbaycan diplomatiyasının qələbəsi.
Qanlı təxribatçı fəaliyyətini davam etdirən Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini, o cümlədən beynəlxalq humanitar hüququ kobud şəkildə pozaraq, təcavüzkar siyasətinin nəticələrini möhkəmləndirmək və gücdən istifadə etməklə yeni təcavüz aktları həyata keçirmək niyyətini bu gün də açıq şəkildə nümayiş etdirir. Öz iflasa uğrayan daxili siyasətini ört-basdır etmək üçün, təcavüzkar xarici siyasəti möhkəmləndirmək və Azərbaycan ərazilərinin işğalına görə daşıdığı məsuliyyətdən beynəlxalq ictimaiyyətin diqqətini yayındırmaq cəhdi edən Ermənistan rəhbərliyi dərk etməlidir ki, Azərbaycan beynəlxalq tanınmış ərazilərinin işğalı faktı ilə heç zaman barışmayacaq və torpaqlarımızın bir santimetri belə düşmən işğalı altında qalmayacaqdır. İşğal edilmiş Azərbaycan torpaqlarının infrastrukturunu, demoqrafik və sosial landşaftını, hətta toponimikasını dəyişdirməyə yönəlmiş uzunmüddətli erməni siyasəti beynəlxalq ictimaiyyət tərəfindən adekvat şəkildə qınanmalıdır. Ermənistanın hazırkı hücumları münaqişə zonasını Dağlıq Qarabağdan və ona bitişik işğal olunmuş rayonlardan daha da genişləndirmək və Azərbaycanı beynəlxalq sərhəd boyu hərbi münaqişəyə cəlb etmək cəhdi kimi qiymətləndirilməlidir. Bununla bağlı beynəlxalq təşkilatlarda olan daimi nümayəndəliklər tərəfindən müvafiq notalar təqdim olunub. BMT baş katibinə nota verilib. Qoşulmama Hərəkatı çərçivəsində xüsusi sessiya çağırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə videokonfrans formatında keçirilmiş Təhlükəsizlik Şurasının iclasında ölkə başçısının çıxışında qeyd olunan məqamlar aydın şəkildə əksini tapıb. Məlumdur ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının xüsusi sessiyası baş tutub. Çox utancverici bir haldır ki, bu təşəbbüsü 130-dan çox ölkə dəstəklədiyi halda, məhz Ermənistan onun əleyhinə çıxıb və bir daha özünü rüsvay edərək yenidən dünyadan təcrid olunub. Bu, Paşinyanın əməlində və simasında Ermənistan hakimiyyətinin mahiyyətidir. Erməni ideoloqlarının və millətçilərinin faşizmdən qaynaqlanan fəlsəfəsidir. Bu gün hər kəsə məlumdur ki, Ermənistanın daxilində ictimai-siyasi vəziyyət son dərəcə kəskinləşərək artıq böhran həddinə çatıb. Yəni ölkənin və ya xalqın rifahını gedib işğal etdiyi Azərbaycan ərazisində oğurladıqları Azərbaycan musiqiləri altında rəqs etməklə düzəltmək mümkün deyil. Bu əməlin özü də təxribatdır. Bunun nəticəsi kimi, müxalifətin getdikcə daha çox nüfuz qazanması, vətəndaşlar arasında çaxnaşmaların geniş vüsət alması sözsüz ki, Paşinyan rejimini radikal addımlar atmağa vadar edir. Digər tərəfdən də, Azərbaycanın son vaxtlar əldə etdiyi beynəlxalq uğurlar Ermənistanı getdikcə daha çox narahat edir və onlarda, eləcə də digər xarici ermənipərəst qüvvələri daha aqressiv vəziyyətə gətirib çıxarmışdır. Ermənistan və ermənipərəst qüvvələr təkcə Azərbaycana qarşı deyil, geniş anlamda bölgə üçün təhlükədir. Odur ki, bu qlobal təhlükənin qarşısını almaq məqsədilə Ali Baş Komandan bütün məsələləri müdrikcəsinə analiz edərək düşmən təxribatına qarşı qisas əməliyyatına başlamaq əmrini verdikdən dərhal sonra Azərbaycan ordusu Erməni silahlılarını öz yerində oturtmaqla yanaşı, onlara öz cəbhələrinin dərinliklərində böyük zərbələr endirmiş oldu. Fasilələrlə bu gün də davam edən müharibədə Azərbaycan sahib olduğu ən müasir silahlardan istifadə edərək şəhid olan hərbiçilərimizin qisasını almaqdadır. Bu döyüşlər ordumuza böyük strateji üstünlük qazandırıb və sərhədyanı bölgədə qurulan ermənilərin bütün müdafiə istehkamlarını, hərbi bazalarını havaya sovurub. Prezident İlham Əliyev ordumuzun bu əməliyyatını bizim növbəti şanlı qələbəmiz kimi xarakterizə edib. Bunun kifayət qədər əsası vardır. Erməni rəsmilərin öz itkilərini gizlətməsinə baxmayaraq, sosial şəbəkələrdə yayılan məlumatlar, kəşfiyatçılarımızın verdiyi dəqiq bilgilərin əsasında düşmənin böyük itkilər verdiyi dəqiqləşib. Hazırda ordumuz hərbi əməliyyatların miqyasını o qədər genişləndirib ki, əməliyyat gedən istiqamətdə düşmənin bütün yaşayış məntəqələri boşaldılmaqdadır. Azərbaycan Müdafiə Nazirliyinin yaydığı bütün əməliyyat görüntüləri sübut edir ki, ordumuz yalnız hərbi obyektləri və döyüş texnikasını, canlı qüvvələri hədəf seçmişdir. Lakin bunun əksinə olaraq erməni ordusu üzbəüz mövqelərdə yerləşən yaşayış məntəqələrimizi bombardman etməkdədir. Bütün təhlükələrə və bir dinc sakinimizin düşmən artileriya zərbələri nəticəsində həyatını itirməsinə baxmayaraq, vətəndaşlarımız öz kəndlərində yaşamağa davam edir. Bu, insanlarımızda Ali Baş Komandana və ordumuza olan inamın və vətənpərvər ruhun göstəricisidir. Təəssüflə vurğulamaq lazımdır ki, ölkəmizin düşmən təxribatı ilə üzləşdiyi bir vaxtda, beynəlxalq ictimaiyyətin bu olaya diqqətini çəkmək lazım olan zamanda ölkəmizin xarici siyasət təmsilçiləri Prezidentimizin də vurğuladığı kimi məsələyə etinasız münasibət bəsləmişdir. Bu diplomatik korpusun Prezidentin ortaya qoyduğu siyasi iradə ilə ayaqlaşmadığını əyani göstərir. Elə buna görə də həssas bir dövr olmasına baxmayaraq, cənab Prezident XİN rəhbərini dəyişmək qərarı verdi. Bu vəzifəyə yeni təyin olunan Ceyhun Bayramov inanırıq ki, çevik qərarqəbuletmə və səriştəli idarəçilik sayəsində qısa zamanda diplomatik korpusun Prezidentin siyasi iradəsi ilə bərabər addımlamasına nail olacaqdır. Ordumuzun uğurlu əməliyyatı və əldə edilmiş nəticələr, hərbi qələbə, təbii olaraq Azərbaycan ictimaiyyətində ruh yüksəkliyi yaratdı, xalqımızı coşdurdu. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı ağır günlərdə bir nöqtəyə vura bilir. Bu, xalq-iqtidar birliyini göstərən daha bir mənzərə idi. Ordumuzun düşmən hücumunu qəhərəmancasına dəf etdiyi gecə döyüşçülərimizə dəstək məqsədilə çoxsaylı insan Şəhidlər xiyabanına gəldi. Ancaq əfsuslar olsun ki, sonra oraya görünür bu məsələ ilə bağlı haradansa xəbər tutmuş bəzi təxribatçı qruplar da daxil oldular. Onların arasına Azərbaycan Xalq Cəbhəsinin tör-töküntüləri girib, bu gözəl və nəcib addıma kölgə salmağa, qanunsuz əməllər törətməyə çalışdılar. Təbii ki, Daxili İşlər orqanları tərəfindən onların bu əməllərinə qısa müddət ərzində son qoyuldu.